"ABŞ Prezidenti Cozef Bayden və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüşün Bakıda keçirilməsi Azərbaycanda Böyük qayıdış çərçivəsində quruculuq və bərpa prosesinə dünya ictimaiyyətinin diqqətinin artmasına səbəb olar".
Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov ABŞ və Rusiya prezidentləri arasında görüşün Bakıda baş tuta biləcəyi barədə dünya mətbuatında yayılan məlumatlara münasibət bildirərkən deyib.
"Görüşün Azərbaycanda keçirilə bilməsi ehtimallarını mediadan izlədim. İnformasiyanın səhihliyi barədə dəqiq məlumatım yoxdur. Lakin istənilən halda, ABŞ və dünya mediasında bu ehtimalın dolaşması Azərbaycanın regionda güclənən roluna diqqət çəkmək baxımdan müsbət haldır. İkincisi, Qərb dairələrinin patronajlığı altında iqtidarın de-yure, Rusiyanın isə de-fakto idarə etdiyi Ermənistanın yox Azərbaycanın adının görüş məkanı kimi çəkilməsi özlüyündə bir göstəricidir ki, informasiya müharibəsində ciddi cəhdlə qaralama kampaniyalarına baxmayaraq, Azərbaycan prosesdən üzü ağ və qalib kimi çıxaraq özünü müstəqil, eyni zamanda hər iki qütblə normal münasibətləri qoruya bilmiş neytral və suveren güc kimi təsdiq edə bilib", – deyə o bildirib.
Deputat qeyd edib ki, NATO və Rusiya dialoqunun, ABŞ və Rusiya silahlı qüvvələri komandanlıqları arasında müzakirələrin Bakıda keçirilməsi kimi bir təcrübənin olduğunu nəzərə alsaq, o zaman Bayden-Putin görüşü üçün də Bakı əslində uyğun yerdir: "Həmçinin, bir vacib məqam var ki, iki dünya nəhəngini qəbul edə bilməsi üçün ev sahibi olan ölkənin və rəhbərinin nüfuzu da vacibdir. Azərbaycan bu gün regionda güc sahibidir, qalib və diqtə edən dövlətdir. Ciddi hərbi-siyasi və iqtisadi imkanlara, o cümlədən enerji təhlükəsizliyi və qlobal terrorizmlə mübarizədə roluna görə xüsusi çəkisi olan dövlətdir. Prezident İlham Əliyev isə həm bu reallığın memarı, eyni zamanda Qlobal təşəbbüslərə, habelə, cari dövrdə Qoşulmama Hərəkatına, ondan əvvəl isə 2012-ci ilin may ayında qeyri-daimi üzv kimi BMT Təhlükəsizlik Şurasına rəhbərlik təcrübəsi olan nüfuzlu və güclü lider kimi özünü təsdiq edib. Həmçinin, bölgədə yeni başa çatmış müharibə fonunda, əsas diqqətin sülh və stabilliyə yönəlməsi baxımdan prosesin Bakıda reallaşması rəmzi xoş niyyət xarakter daşıya, Azərbaycanda Böyük qayıdış çərçivəsində quruculuq və bərpa prosesinə dünya ictimaiyyətinin diqqətinin artmasına səbəb olar".
B.Məhərrəmovun sözlərinə görə, belə görüşün baş tutması bir tərəfə, hətta bu barədə ehtimalların dövriyyədə olması belə, Ermənistanda onsuz da həssas olan daxili siyasi vəziyyəti daha da kritikləşdirəcək.
Qeyd edək ki, ABŞ-ın "Politico” qəzetinin məlumatına görə, ABŞ Prezidenti Cozef Bayden və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş Bakıda keçirilə bilər. Məlumatda qeyd edilib ki, Ağ Ev və Kreml sahiblərinin görüş məkanları barədə Birləşmiş Ştatların sabiq rəsmiləri və mütəxəssislərinin rəyi öyrənilib. Onlar V.Putin və C.Baydenin görüşə biləcəyi yerlər arasında Çex Respublikası, İslandiya, Sloveniya və Azərbaycan paytaxtlarının adını çəkiblər.
Xəyalə Bünyatova
