Məzmuna keç

Gömrükçülər avtomobildə mobil telefonlar və siqaretlər aşkarladı

Gömrükçülər avtomobildə mobil telefonlar və siqaretlər aşkarladı

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mazda 3" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən e-huquq.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 1 ədəd "Redmi Note 7" , 1 ədəd "Redmi S 2" , 4 ədəd "Samsung Galaxy A50", 1 ədəd "Samsung Galaxy A30", 1 ədəd, "Samsung Galaxy A20", 1 ədəd "Samsung Galaxy A7 2018" markalı mobil telefonlar, 1 ədəd "qulaqlıq", mobil telefon üçün 6 ədəd qutu, 3 ədəd USB kabel və qidalandırıcı başlığı aşkar edilib.

Bundan başqa, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz 250 D" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin ön panelinin arxasındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş 2600 ədəd "Parliament Heets Turquoise Label" markalı siqaretlər aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.