Məzmuna keç

Məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün müvafiq layihələr hazırlanıb – RƏSMİ

məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə uyğun diferensiasiyası və həmin rüsumların müəyyən hissəsinin məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə də yönəldilməsi üzrə müvafiq layihələr hazırlanıb

"Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə uyğun diferensiasiyası və həmin rüsumların müəyyən hissəsinin məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə də yönəldilməsi üzrə müvafiq layihələr hazırlanıb".

E-huquq.az xəbər verir ki, bunu Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov AZƏRTAC-a müsahibəsində deyib.

Onun sözlərinə görə, hakimlərin müstəqilliyinin möhkəmləndirilməsi, onların fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması da Azərbaycan Prezidenti tərəfindən "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında Fərmanında əsas diqqət çəkən məqamlardandır.

"Məhkəmə sisteminin səmərəliliyi sözsüz ki, hakimlərin fəaliyyətindən çox asılıdır. Bu məqsədlə Fərmanda ilk növbədə, bütün məhkəmələrin sədrlərinə və hakimlərə tövsiyə edilib ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmləndirilməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər. Qeyd etməliyəm ki, məhkəmə hakimiyyətinin müstəqilliyi məsələsi bütün dövlətlərdə müstəsna əhəmiyyət kəsb edir. Müxtəlif, hətta inkişaf etmiş Avropa ölkələrində məhkəmə fəaliyyətinə kənar müdaxilələr və digər təzyiq faktları ciddi narahatlıq doğurur, bu sahədə mənfi meyillərin aradan qaldırılması yolları Avropa ədliyyə nazirlərinin konfranslarında mütəmadi müzakirə olunur.

Dövlətimizin başçısının tövsiyələrinə uyğun olaraq bu sahədə əlavə təsirli mexanizmlərin yaradılması, o cümlədən ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmağa, kənar şəxslər tərəfindən məhkəmə fəaliyyətinə hər hansı təzyiq və ya qeyri-qanuni təsir etməyə görə cəzaların sərtləşdirilməsi, məhkəmə icraatına müdaxilənin və məhkəməyə hörmətsizlik göstərilməsinin yolverilməzliyi ilə bağlı müvafiq qanun layihəsi hazırlanıb.

Həmçinin hakimlərin fəaliyyətinə müdaxilə ilə bağlı özlərinin Məhkəmə-Hüquq Şurasına məlumat verməsi də belə halların qarşısının alınmasına yönələn əlavə vasitədir.

Bununla əlaqədar Fərmanla verilmiş tövsiyələrə əsasən hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər mənfi halların aradan qaldırılması ilə bağlı Məhkəmə-Hüquq Şurasında “Qaynar xətt” təşkil olunub və Şuraya birbaşa və maneəsiz müraciət etmək imkanları yaradılıb. Şübhəsiz ki, məhkəmə sisteminin daha səmərəli fəaliyyət göstərməsi, hakimlərin obyektivliyinin, qərəzsizliyinin, müstəqilliyinin təmin olunması üçün onların maddi təminatı da mühüm əhəmiyyət kəsb edir. Məhz ona görə Fərmana uyğun olaraq bu ərəfədə “Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişikliklər edilərək hakimlərin maddi təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, o cümlədən bütün hakimlərin aylıq vəzifə maaşları həcmində vəzifə maaşına əlavə ödənilməsi müəyyən edilib, digər təminatlar nəzərdə tutulub", – deyə, nazir qeyd edib.