Məzmuna keç

Fazil Mustafa: “Bu, tarixi qərardır”

Fazil Mustafa Türkiyə ilə Azərbaycan arasında tətbiq olunan viza rejiminin ləğvini müsbət qiymətləndirib.

Xəbər verdiyimiz kimi, Türkiyə ilə Azərbaycan arasında tətbiq olunan viza rejimi sentyabrın 1-dən ləğv ediləcək.

Milli Məclisin deputatı Fazil Mustafa bu qərarı böyük əhəmiyyət daşıyan tarixi qərar adlandırıb. Deputat bu barədə özünün “Facebook” səhifəsində yazıb: “Türkiyə vətəndaşlarına Azərbaycana gəliş-gediş üçün vizanın qaldırılması ilə bağlı ölkə prezidenti İlham Əliyevin qəbul etdiyi qərar böyük əhəmiyyət daşıyan tarixi bir qərardır. Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı Bakıda iki qardaş ölkənin prezidentlərinin iştirakı ilə paradın keçirilməsindən sonra hədsiz sevindiyim ikinci hadisədir. Həmin parad ona görə önəmli idi ki, bizim dövlət müstəqilliyimiz üçün canından, qanından keçmiş Nuru Paşa komutanlığında qəhrəman türk əsgərinin qarşısında bir vəfa borcumuzu mütləq qaytarmalıydıq. Məhz bunun adı qardaşlıqdır, məhz bunun adı əhdə vəfadır”.

F.Mustafa sözügedən qərarı Türkiyə ilə münasibətlərimizə töfhə verən addım kimi qiymətləndirib. O, öz növbəsində ölkə başçısına təşəkkür edib.

“Cənab İlham Əliyevin bu cəsur jesti hər cür alqışlanası, təqdirolunası tarixi qardaşlıq addımıdır. Gəliş-gediş üçün viza qonağa, dosta, əcnəbiyə verilə bilər. Qardaş qardaşa evinə gəlib getməyə viza verməz, verməməlidir. Unutmayaq, enində-sonunda bizim yenə də taleyimiz Siam ekizləri kimi Türkiyə ilə birlikdəliyimizdən asılı olacaq. Azərbaycan prezidentinə bu anlamlı, milli maraqlarımıza uyğun və cəsur addımına görə minnətdarlığımı bildirirəm. Türkiyə ilə qardaşlığımıza töfhə verən hər addım alqışlanmağa layiqdir”, – deyə deputat qeyd edib.