Xəbər verdiyimiz kimi, Azərbaycanda ali və apelyasiya məhkəmələrinə hakim təyinatları olub. Milli Məclis hakim təyinatları ilə bağlı sənədi təsdiq edib.
E-huquq.az vəkillərin yeni təyinatlara münasibətini öyrənib:
Əkrəm Həsənov: “Hakimlərin çoxu yerində qaldı. Sadəcə onların bəzisinin müddəti bitmişdi. Bir neçə yerdəyişmə baş verdi. Bu da inanmıram ki, ciddi dəyişiklikdir. Çünki rəhbərlik səviyyəsində elə də ciddi dəyişiklər yoxdur. Məhkəmə-hüquq sistemində real islahatlar o vaxt olacaq ki, sözlər vasitəsilə məhkəmə qərarlarının axtarış sistemi yaradılsın və eyni zamanda Ali Məhkəmə öz plenum qərarlarını dərc etsin. Çünki bu gün Ali Məhkəmə konstitusiyanı kobud şəkildə pozaraq öz plenum qərarlarını heç yerdə dərc etmir. Lakin belə halda hamı biləcək ki, məhkəmələr hansı qərarları qəbul edirlər”.
_cropped.jpg)
Sima Yaqubova: “Gedişat onu göstərir ki, məhkəmə-hüquq islahatları kağız üzərində qalmır, biz bu islahatların real nəticələri görməyə başlayırıq. Həmin real nəticələri də ən tez görən, hiss edən vəkillərdir. Ona görə də mən yeni hakim təyinatlarını müsbət qiymətləndirirəm. Bununla məhkəmələrdə işə operativ baxılma təmin olunur”.

Səyyad Mirzəyev: “Hakim təyinatlarını müsbət qiymətləndirirəm. Onların bəzilərini şəxsən tanıyıram. Həmin hakimlər təcrübəli və savadlıdırlar. Onların təyinatı bir vəkil kimi məni sevindirdi".

Hafiz Ələsgərov: “Məhkəmə-hüquq sistemində problem başqadır. Yeni hakim təyinatları olsa da, toplananların yerini dəyişdikdə cəm dəyişmir. Problem kadr dəyişikliyi deyil. Əsasən hakimlərin müstəqilliyi təmin olunmalıdır ki, obyektivlik olsun. Nə qədər ki, hakimlər müstəqil deyil, bu problem davam edəcək”.

Anar Qasımlı: “Hakim təcrübəsi olmayan, lakin nüfuzlu hüquqşünas olan şəxsin təyin olunması çox yaxşı bir ənənənin başlanğıcıdır. Xüsusilə Ali Məhkəməyə olunan təyinatlarda çox ümidverici adlar var. Bu, doğrudan da, onu göstərir ki, elan olunmuş məhkəmə-hüquq islahatları real olaraq həyata keçirilməkdədir. Çünki ədalətli, savadlı, vicdanlı hakimlər olmadan məhkəmə-hüquq islahatlarını həyata keçirmək mümkün deyil. Bu təyinatlar ümidvericidir və əminəm ki, onlar göstərilən etimadı doğrulda biləcəklər”.

Vüqar Babayev: “Yeni hakim təyinatları ümid edirəm ki, yaxşı olacaq. Ali Məhkəmə və Apelyasiya Məhkəmələrinə təyin olunan hakimlərin hər biri təcrübəlidir. Müsbət dəyişikliklər gözləniləndir”.

Bəxtiyar Hacıyev: “İlk olaraq hakimlərin müstəqilliyi təmin olunmalıdır. Müstəqilliyin də sözün əsl mənasında həyata keçirilməsi üçün məhkəmədə sədr sistemini yığışdırmaq lazımdır. Hakimlər müstəqil olub və işləri heç kimə məruzə etməməlidirlər. Belə olanda obyektiv qərar çıxarmaq üçün hakimin kifayət qədər imkanı olacaq. Onsuz da hakim çıxardığı qərara görə yalnız özü məsuliyyət daşıyır. Amma sədr sistemi belədir ki, sədrə məruzə etməlidir və o icazə verərsə, hakimin yerinə qərar verir. Yəni belə olan halda hakimin apardığı araşdırmalar boşa gedir. İnsanların ən çox narazılıqları Bakı Apelyasiya Məhkəməsindən olub. İndiyə kimi orada sədr sistemi digər məhkəmələrə nisbətən daha üstündür. Məsələyə liberal yanaşmaq lazımdır. Hakimlərin müstəqilliklərini təmin etmək üçün yeni islahatın aparılmasına ehtiyac yaranır. Düşünürəm ki, yeganə çıxış yolu sədr vəzifəsində dəyişiklər etməkdir. Sədr aparatın rəhbəri olmalıdır, hakimlərin sədri deyil. Onun vəzifəsi qanunlarda birbaşa göstərilməlidir ki, yalnız aparatın iş rejiminə rəhbərlik edə bilər. Ola bilər ki, sədr sözü aparat rəhbəri ilə əvəz olunsun, qalanları isə hakim olsun. Bu daha obyektiv yanaşma olar”.

Kamandar Nəsibov: “Məncə, yeni hakim təyinatları ilə heç bir dəyişiklik olmayacaq. Sistem dəyişmədikdən sonra hakimlərin dəyişdirilməsinin bir mənası yoxdur. O sistemdə hakimlər məhkəmə sədrinə məruzə edirlərsə, orada heç bir dəyişiklik olmayacaq. Ona görə də mən hər hansı bir dəyişiklik gözləmirəm. Qayda olaraq, hakim sərbəst olmadıqdan sonra onun yerdəyişməsinin önəmi yoxdur”.

Fariz Namazlı: “Hakim təyinatları müəyyən islahatların aparılmasına kömək edir. Hakimlərin fəaliyyətinin qənaətbəxş olub-olmaması barədə konkret fikirlər yoxdur. Bir neçə hakim var ki, onların Ali Məhkəmədə hakim olması daha yaxşıdır, nəinki digər hakimlərin. Hakimlərin hansı formada yuxarı çəkilməsinin məqsədini biz başa düşə bilmirik. Bununla bağlı hər hansı bir izah verilmir. Amma ümumilikdə təbii ki, yeni hakimlərin cəlb olunması məhkəmə-hüquq islahatlarının aparılmasına da müəyyən təkan verir. Hazırda Ali Məhkəmədə daha çox islahatlar gedir. Sanki Ali Məhkəmə bütün məhkəmə sistemində əsas yükü öz üzərinə götürüb. Aşağı məhkəmələrdəki qanunsuz qərarların ləğvini məhz Ali Məhkəmə səviyyəsində etməyə çalışırlar. Hökumətin sanki əsas məqsədi Ali Məhkəməni Avropa standartlarına uyğun tam formalaşdırmaqdır”.

Roman Qaraşov: “Hakimlərin yerdəyişməsi mütəmadi olaraq həyata keçirilir. Bir neçə ay əvvəl yeni hakimlər təyin olundu. Birinci instansiyada qəbul prosesinin keçirilməsi və həmin hakimlərin digər yuxarı instansiyada olan, təcrübə tələb edən məhkəmələrə, məsələn, Apelyasiya və Ali Məhkəmələrə təyin olunması təbii bir prosesdir. İlkin təyinatlar yalnız birinci instansiya üzrə aparılır. Yeni təyinatlar sadəcə yerdəyişmə xarakteri daşıyırdı. Siyahıda göstərilən yalnız bir nəfər Milli Məclis aparatından hüquqşünas alim yeni təyin olunub. Bu təyinatı əslində xüsusi bir dəyişiklik hesab etmək olmaz. Təyin olunan hakimlər hər biri təcrübəli və peşəkardır. Onların məhkəmə-hüquq sisteminə öz töhfəsini verəcəyi gözlənilir”.
Sevgül Qasımzadə
