Məzmuna keç

“Şübhəsiz ki, gələcəkdə məhkəmə fəaliyyəti rəqəmsallaşdırılacaq” –

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin də məzun olduğu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu kimi nüfuzlu bir təhsil ocağının tribunasında çıxış etmək mənim üçün ikiqat xoşdur".

E-huquq.az-ın məlumatına görə, bunu Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (SEPEJ/CEPEJ) prezidenti Ramin Qaraqurbanlı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda “Elektron ədliyyə: şəffaflıq, səmərəlilik və əlçatımlıq” mövzusunda beynəlxalq tədbirdə çıxış edərkən deyib.

O, CEPEJ-in fəaliyyətindən danışaraq qeyd edib ki, rəhbərlik etdiyi qurum 70 il ərzində ortaq hüquqi məkana sahib olan ən böyük regional təşkilata çevrilib. R.Qaraqurbanlı Avropa ölkələrində elektron ədliyyənin tətbiq olunması vəziyyəti və bu sahədə əldə olunan nəticələr barədə məlumat verib: “Rəqəmsal dəyişimin son on ildə həyatımızı dərindən dəyişdirdiyini və gələcəkdə daha intensiv şəkildə davam edəcəyini qəbul etməliyik. Ədliyyə sahəsində də rəqəmsallaşma əhəmiyyətli bir rol oynamış və ədalət mühakimə sisteminə ədalət səmərəliliyinin, keyfiyyətinin və şəffaflığının artırılmasının bir yolu olaraq tanınmışdır. Bildiyiniz kimi, COVİD-19 pandemiyası ədliyyə sisteminə də ciddi problemlər yaratmışdır. Bu baxımdan rəqəmsal texnologiyaların ədalət mühakiməsində vaxtında və fasiləsiz təmin edilməsi milli sistemin daha möhkəm və yenidən qurulması üçün vacibdir".

CEPEJ prezidenti pandemiya zamanı 2020-ci il mart ayının ortalarında baş verənlərə diqqət çəkmək istədiyini vurğulayıb: "Həmin dönəmlərdə CEPEJ veb saytında xüsusi bloq yaratdı və üzv dövlətlərdən bütün məlumatları topladı. Bununla da pandemiyanın məhkəmə sistemlərindəki mənfi təsirlərinin qarşısını almaq və CEPEJ-in mühakiməetmə sistemində üzləşdiyi problemlərin azaldılması barədə bəyannaməsi təsdiqləndi. CEPEJ bunu eyni zamanda postpandemiya dövrü üçün də etdi. Bu bəyannamə böhran dönəmində üzv dövlətləri yeddi əsas prinsiplə təmin etmiş oldu. Bu prinsiplər bəzi çərçivələr daxilində ölkələrə kifayət qədər məlumat təqdim edir. Şübhəsiz ki, gələcəkdə məhkəmələrin daha uzaq məsafədən (distant) keçirilməsi və fəaliyyəti rəqəmsallaşdırılacaq. Bu günlərdə ədliyyənin rəqəmsallaşdırılmasının təşviqi ictimai islahatların və bir çox Avropa ölkələrinin gündəminin əsas komponentidir. Bu, həm də pandemiya dövrünə xasdır".

R.Qaraqurbanlının sözlərinə görə, informasiya texnologiyalarından fəal istifadə, məhkəmənin təşkili və təmin edilməsi bütün istifadəçilərin marağına xidmət etməlidir.

Ülviyyə Şahin