Bakı şəhər sakini Semakina Yelena Vladimirovna Suraxanı Rayon Məhkəməsinin qərarından narazıdır.
E-huquq.az xəbər verir ki, məhkəmə qonşuların şikayəti əsasında Yelena Semakinaya məxsus həyətyanı sahədəki sığınacaqda saxlanılan 40-dək itin ərazidən çıxarılması barədə qərar qəbul edib. Lakin itlərin haraya buraxılması müəyyənləşdiriməyib.
"Aprelin sonu-mayın əvvəlində baş tutan məhkəmə prosesində itlərin ərazidən çıxarılması barədə qərar qəbul edildi. Qərara əsasən, mən sadəcə qapını açıb itləri küçəyə buraxmalıyam. Bu qərarla razı deyiləm. Ümumiyyətlə, proses zamanı çoxsaylı səhvlərin olduğunu müşahidə etdim. Əvvəla, hakim növbəti iclasda qərar verəcəyi barədə əvvəlcədən xəbərdarlıq etməli idi. Qanunla bu belə tənzimlənib. Mən də bunun üçün hazırlıq görərdim. Mən son sözümü deməli idim. İddiaçılar mənə qarşı ərizələrində itlərin hürməsinin onları narahat etdiyini və sığınacaqda antisanitar vəziyyətin hökm sürdüyünü qeyd ediblər. Bu, ağ yalandır. Hakim məsələni heç aydınlaşdırmadı və məhkəmə prosessini çox tez yekunlaşdırdı. İlkin iclasda biz sadəcə ümumi mənzərə haqqında söhbət açdıq. İkinci iclasda o bizim hər birimizi dindirməli idi, lakin bu baş vermədi", – deyə Yelena Semakina bildirib.
Onun sözlərinə görə, iddiaçılara məsələnin qarşılıqlı anlaşma ilə həllini təklif etsə də, müsbət cavab almayıb. "Təklif etdim ki, mənə yaşayış evlərindən uzaqda yer ayrılması barədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına müraciət edim. İddiaçılar məhkəmədə bundan imtina etdilər. Mən hakimdən soruşdum ki, məsələni aydınlaşdıracağıq ya yox? O dedi ki, qərar qəbul etməyə gedirəm. Mən çıxış edə bilmədim. Bundan əlavə, iş üzrə sənədlərə nəzər yetirdikdə gördüm ki, iddiaçı Əhməd Rzayevin təqdim etdiyi sənədlər bir il öncənin sənədləridir".
Yelena Semakina sığınacaqda antisanitar vəziyyətin olması ilə bağlı iddiaları əsassız adlandırıb: "Orada sığınacağımda antisanitariyanın hökm sürdüyü yazılmışdı. Bu sənədlər qeyri-qanuni yolla əldə edilmişdi. Çünki Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ərazidə yoxlanış aparılmış və hər şeyin qaydasında olduğu qeyd olunmuşdu. Əhməd Rzayevin iddia etdiyi kimi, sığınacaqda natəmizlik hökm sürürsə, bəs bunun haqqında akt haradadır? Bunu təsdiq edən şahidlər, foto-video faktlar haradadır? Hesab edirəm ki, sənədləri imzalayan şəxslərin burada şəxsi maraqları var. Hazırda vəkilim apelyasiya şikayətinin üzərində işləyir. Yaxın günlərdə apellyasiya şikayəti verəcəyik. Mənə elə gəlir ki, bu qərar çox acımasız və ədalətsizdir. Buna görə də biz sona qədər mübarizə aparacağıq".
