"Ermənistan 44 günlük müharibədə rəzil duruma düşdü və bugünkü siyasi böhran da həmin məğlubiyyətin nəticəsidir".
Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov Ermənistandakı kütləvi istefalardan danışarkən deyib.
"Hazırda Ermənistanda bir çox sahələrdə, o cümlədən siyasi sahədə çox böyük böhran hökm sürür. Məlum olduğu kimi, iyunun 20-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu ərəfədə daha çox revanşist ritorika ilə çıxış edənlər mövcuddur. Azərbaycana qarşı törədilən soyqırımlara birbaşa rəhbərlik edənlərdən olan Köçəryan və Sarkisyan da parlament seçkilərinə qatılmalarına baxmayaraq, revanşist ritorika ilə danışırlar. Həmçinin, revanşist ritorika ilə çıxış edənlərdən biri də keçmiş Xarici İşlər naziri Ara Ayvazyandır", – deyə deputat bildirib.
C. Osmanovun sözlərinə görə, Ermənistan acı məğlubiyyəti qəbul etmir və hazırki siyasi böhran da Azərbaycanın parlaq qələbəsindən sonra yaranıb: "Uzun müddətdir Azərbaycanafobiya meyilləri aşılandığı üçün Ermənistanda hələ də qələbəmizi həzm edə bilməyənlər çoxdur. 44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan arasında sərhədlərin dəqiqləşdirilməsi işi aparılanda Ermənistan tərəfindən bir sıra təxribatlar törədildi. Eyni zamanda bu günlərdə Ermənistanın həm Xarici İşlər nazirinin, həm müavininin, həm də mətbuat katibinin istefa verməsi birbaşa onu göstərir ki, Nikol Paşinyanın hazırladığı sənədlərdən Xarici İşlər nazirinin məlumatı olmayıb. Görünür, Ara Ayvazyan da müəyyən sənədlərin hazırlanmasından sonra istefa verdi. Sanki o, Nikol Paşinyanla ayrı-ayrı mövqedən çıxış edirdi. Hazırda Ermənistanın daxilindəki siyasi, iqtisadi, sosial, hərbi böhran vəziyyəti əlbəttə ki, Azərbaycanın parlaq qələbəsindən sonra baş verdi”.
Sevgül Qasımzadə
