Məzmuna keç

Saxta pasportla Kanadaya 16 dəfə giriş-çıxış etdi – Həbs olundu

Kanadada saxta pasportdan istifadə edərək ölkəyə 16 dəfə giriş-çıxış etdiyi müəyyənləşdirilən Qana vətəndaşı Cefferson Zormelo 2 il müddətinə azadlıqdan məhrum edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı şəxs Kanada vətəndaşlıq qanununu pozmaqda və vətəndaşlıq saxtakarlığında təqsirli bilinib.

Kalqari şəhərində keçirilən məhkəmə iclasında hakim Karen Molle Zormelonun əməllərinin Kanada vətəndaşlıq sisteminin etibarlılığına xələl gətirdiyini bildirib.

Məhkəmə qərarında saxta sənədlərdən istifadə edilməklə həyata keçirilən əməliyyatların ictimai və milli təhlükəsizlik üçün təhdid yaratdığı, eləcə də Kanadanın beynəlxalq nüfuzuna zərər vurduğu qeyd olunub.

Həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxıldıqdan sonra Zormelonun təxminən 14 ay da həbsdə qalacağı bildirilib.

Məhkəmə sənədlərinə əsasən, Zormelo Kanadaya ilk dəfə 2021-ci ildə tələbə vizası ilə gəlib. 2024-cü ildə təhsilini davam etdirmədiyi müəyyənləşdirildikdən sonra onun barəsində ölkədən deportasiya qərarı çıxarılıb.

Bundan sonra o, saxta adla hazırlanmış vətəndaşlıq sənədi əldə edib. 2024-cü ilin dekabrında isə Miçel Leblank adı ilə Kanada pasportu almağa nail olub.

Zormelo növbəti 15 ay ərzində həmin saxta pasportdan istifadə edərək Monreal, Toronto və Halifax şəhərlərindəki beynəlxalq hava limanları vasitəsilə Kanadaya ümumilikdə 16 dəfə giriş-çıxış edib.

2026-cı ilin aprelində ABŞ konsulluğuna saxta daimi yaşayış icazəsi kartı təqdim etdikdən sonra Zormelo Kalqaridə Kanada Sərhəd Xidmətləri Agentliyinin əməkdaşları tərəfindən saxlanılıb. Onun qaldığı hotel otağında saxta pasport da aşkarlanıb.

Məhkəmə prosesində prokuror Tayler Lord təqsirləndirilən şəxsin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Vəkil Devin Frank isə müvəkkilinin Qanada çətin uşaqlıq keçirdiyini əsas gətirərək, 9 aylıq həbs müddətinin kifayət etdiyini bildirib.

Hakim Karen Molle Zormelonun Kanadada yaşamaq istəyini nəzərə alsa da, cinayətin əvvəlcədən planlaşdırılmış saxtakarlıq xarakteri daşımasını ağırlaşdırıcı hal kimi qiymətləndirib.

Hakim həmçinin vurğulayıb ki, yüksək intellektə malik cinayətkarlar ictimai təhlükəsizlik baxımından daha böyük risk yarada bilərlər.

Şəbnəm Mehdizadə