Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.
Millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Ramin Məmmədov e-huquq.az-a açıqlamasında Azərbaycanda uşaqların müdafiəsi ilə bağlı vəziyyətdən danışarkən bildirib ki, dövlətimiz hər bir uşağın həm fərdi, həm də vətəndaş kimi inkişafı üçün sistemli tədbirlər həyata keçirir. O bildirib ki, Azərbaycanda uşaqların dayanıqlı inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi üçün əhəmiyyətli addımlar atılıb.
"Uşaq hüquqları insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Dünyanın 182 ölkəsini əhatə edən və 5 sahə və 20 indikator üzrə hazırlanmış hesabatda da Azərbaycanda uşaqların təhsil, yaşamaq və ümumiyyətlə onların inkişafı ilə bağlı bütün sahələrdə hüquqlarının təmin olunduğu qeyd olunur. Bu bir daha onu göstərir ki, dünya ictimaiyyəti və müxtəlif beynəlxalq institutlar tərəfindən də Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilir”, – deyə deputat qeyd edib.
R.Məmmədov son bir il ərzində pandemiya ilə mübarizə çərçivəsində yeni qlobal çağırışların ortaya çıxdığını nəzərə çatdırıb və bunun fonunda uşaqların müdafiəsi ilə tədbirlərin də vacibliyini vurğulayıb: “Təbii ki, bu çağırışlara cavab vermək üçün dövlətimiz sistemli tədbirlərin həyata keçirilməsini planlaşdırır. Ümumilikdə isə uşaq hüquqları ilə bağlı dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, bu sahədə kifayət qədər qənaətbəxş və dünya standartlarına uyğun siyasət aparılır".
Xəyalə Bünyatova
