Məzmuna keç

Deputatlar şəhid və qazilərin övladları üçün gəzinti təşkil edib –

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Abşeron və Sabirabad rayonlarında yaşayan şəhid və qazi ailələrinin övladları üçün gəzinti təşkil olunub.

E-huquq.az-ın məlumatına görə, gəzinti Milli Məclisin deputatları Ramin Məmmədov və Şahin Seyidzadənin təşəbbüsü ilə baş tutub.

50 saylı Abşeron-Qobustan və 64 saylı Sabirabad ikinci seçki dairəsi üzrə deputatların iştirak etdiyi gəzintidə öncə Fəxri xiyaban ziyarət olunub. İştirakçılar Ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildiriblər və abidəsi önünə gül dəstələri düzüblər. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini də yad ediblər.

Sonra deputatlar və gəzintidə iştirak edən uşaqlar Şəhidlər xiyabanına gəliblər. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər, məzarları önünə gül dəstələri düzüblər. Gəzinti zamanı Hərbi Qənimətlər Parkı da ziyarət olunub. Uşaqlar açıq səma altında salınan parkda 44 günlük Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən hərbi texnika və sursatlarla tanış olublar.

Sonda Bakı Kitab Mərkəzində əməkdar artist Bəhram Bağırzadə ilə uşaqların görüşü keçirilib. Gəzintidən məmnun qalan iştirakçılar göstərilən diqqət və qayğıya görə deputatlara təşəkkürlərini bildiriblər.