Azərbaycanda qaz təchizatında sosial siyasətin bir mühüm məqamı əhali abonent qrupunda qazdan istifadəyə dair aşağı tarifli illik limit həddinin ayırd olunmasıdır.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, hər il əhali abunəçilərinə hər kubmetri 10 qəpikdən hesablanan 2 200 kubmetr limit verilir. Bu ilin yanvar-aprel ayları ərzində limit həddini keçən əhali abonentlərinin sayı 122 500 (5,2 %), limit daxilində qaz istehlak etmiş abonent sayı isə 2 236 410 (94,8 %) təşkil edib.
2020-ci ildə əhali abunəçilərinin 20,9 %-i güzəştli limit həddini keçib. Yerdə qalan 79,1 % əhali abonenti isə qazdan güzəştli limit daxilində istifadə edib.
Bu il mayın 1-nə olan məlumata görə “Azəriqaz”da qeydiyyata alınmış təbii qazla təmin olunan əhali abonentlərinin sayı 2 358 910 olub.
