Məzmuna keç

“Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə münasibətlərində yeni strateji yol xəritəsidir” –

“Şuşa Bəyannaməsi həm tarixi, həm də siyasi baxımdan olduqca əhəmiyyətlidir. Xalqımız bu tarixi prosesi yüksək səviyyədə qiymətləndirir”.

Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat bildirib ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı Şuşa Bəyannaməsi rəmzi xarakter daşıyır: “Dünən Azərbaycan xalqı tarixi proseslərə şahidlik etdi. İlk növbədə Bəyannamə hər bir azərbaycanlı üçün önəmli tarix olan 15 İyun – Milli Qurtuluş Günü, məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalandı. Eyni zamanda cənab Prezident Bəyannamənin mahiyyətini çox dəqiqliklə xarakterizə edərək dedi ki, bu, yenilənmiş Qars müqaviləsidir və imzalanan müqavilələr bizim gələcək fəaliyyətimizi ən yüksək zirvələrə qaldıracaq. Şuşa Bəyannaməsi münasibətlərdə yeni strateji yol xəritəsidir. Təhlükəsizlik baxımından bəyannamədə nəzərdə tutulan müddəalar hər iki dövlətin hərbi, iqtisadi, siyasi, mənəvi əlaqələrinin dərinləşməsinə xidmət edir, Cənubi Qafqazda hərbi-siyasi balansın qorunmasını nəzərdə tutur və bu da uzun müddətli dayanıqlı sülhü təmin etmiş olur".

N.Məhəməliyev qeyd edib ki, bu Bəyannamə Ermənistanın daxilində və xaricindəki ermənipərəst qüvvələrə ciddi xəbərdarlıqdır: "Son illər qardaş Türkiyə dünya siyasi arenasında güclü və bir çox proseslərdə diqtə edən mühüm bir oyunçuya çevrilib. Yaxın günlərdə Brüsseldəki NATO zirvə toplantısında Amerika Birləşmiş Ştatları, Fransa, Almaniya dövlət başçıları ilə görüş zamanı prezident Ərdoğan Qarabağ probleminin bitməsi ilə bağlı bəyanat verdi. Beynəlxalq güclərə bir növ mesaj verdi ki, biz gələcəyə baxmalı, münasibətlərin nizamlanma prosesinə diqqət göstərməliyik. Bu da Ermənistanın daxilində və xaricində ermənipərəst qüvvələrə verilmiş ən ciddi mesaj kimi qəbul olunmalıdır. Məlumdur ki, 44 günlük vətən müharibəsindən sonra Ermənistanın daxilində müharibənin nəticələrindən narazı qalan kifayət qədər qüvvələr var ki, revanş çağırışları səsləndirir, yeni Qarabağ müharibəsinin olacağı ilə bağlı təhdidlər yağdırırlar. Prezident Ərdoğan bu mövzu ilə bağlı qəti şəkildə bildirdi ki, biz bir daha imkan verməyəcəyik ki, Azərbaycan yenidən belə təhdidlərlə üzləşsin. Şuşada Türkiyənin Baş Konsulluğunun açılacağının nəzərdə tutulması biləvasitə bunun göstəricisi hesab oluna bilər. Gələcəkdə də ümumiyyətlə, iqtisadi münasibətlərimizin dərinləşdirilməsi, hərbi sənaye kompleksinə aid olan ən müasir pilotsuz uçuş aparatlarının Azərbaycanda istehsalının təşkil olunması, Türk dünyası ilə inteqrasiya proseslərinin sürətləndirilməsi ölkələrimizin daha da güclənməsinə, Türk dünyasının birləşməsinə xidmət edir”.

Sevgül Qasımzadə