Məzmuna keç

“Uğurlarımızı şərtləndirən Prezident-Xalq birliyidir”

"Son illər Prezident, Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, arsenalı ən müasir silah-sursat, hərbi texnika və digər avadanlıqlarla bir qədər də zənginləşdirilib, həmçinin hərbçilərin sosial vəziyyəti davamlı yaxşılaşdırılıb, mənəvi-psixoloji hazırlıq səviyyəsi və döyüş əhval-ruhiyyəsi artırılıb, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb".

E-huquq.az xəbər verir ki, bu sözləri Baş prokurorun müavini-Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçularla görüşdə deyib.

X.Vəliyev bildirib ki, ötən illərdə olduğu kimi “Global Firepower” hərbi-analitika təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı son hesabatında da Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyub saxlayıb: "Qeyd olunanlar hərbi uğurlarımızı şərtləndirmiş və nəticədə düşmənin 27 sentyabrdan başlayaraq törətdikləri növbəti təxribatlarının qarşısının alınması zamanı gedən döyüşlərdə müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri öz gücünü, qüdrətini və yüksək döyüş hazırlığını, hərbçilərimiz isə peşəkarlığını və qəhrəmanlığını əyani şəkildə sübut edərək zəfərlərimizi və 44 günlük haqq savaşındakı tarixi qələbəmizi təmin edib".

Vətən müharibəsindən, qazanılan möhtəşəm qələbədən bəhs edən X.Vəliyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə damlası düşmənin bütövlükdə vücudundan dəyərli olan qanları ilə şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən, prokurorluq, o cümlədən hərbi prokurorluq əməkdaşlarının xidməti vəzifələrini layiqincə icra etmələrindən danışaraq əldə olunan uğurları Prezident-xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb.

Millətinə xidməti həyat amalına çevirmiş Prezident İlham Əliyevin xalq qarşısında verdiyi vədləri əməlləri ilə hər zaman doğrultduğunu xüsusi vurğulayan Hərbi prokuror qeyd edib ki, müasir Azərbaycanın tarixinə ən uğurlu il kimi düşən 2020-ci ildə müdrik rəhbər hərbi və siyasi-diplomatik yolla ölkəmizin tarixi ərazilərini işğaldan azad etməklə, növbəti vədini də yerinə yetirdi. Vətən müharibəsindəki misilsiz qələbəmiz ölkə başçısının yürütdüyü siyasətin alternativsiz olduğunun növbəti təzahürüdür.