"Məhkəmələrlə bağlı rüsumların artırılmasında kütləvi narazılıq üçün heç bir əsas yoxdur. Tam əksinə, qanunvericiliyə edilən dəyişikliklər narazılıq yarada bilən məqamların aradan qaldırılması və maliyyələşmə mexanizmlərinin təkmilləşməsidir".
E-huquq.az-ın məlumatına görə, bunu musavat.com-a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, məhkəmə-hüquq sistemində islahatların daha sürətlə aparılması hər birimizin gözləntisidir: "Cənab Prezidentin 2019-cu ildə imzaladığı fərman bu prossesə start verdi. Və məhkəmə iddialarının verilməsi zamanı tətbiq olunan rüsumların hesablanmasında yeni qaydaların tətbiq olunması da bu prosesin tərkib hissəsidir. Hazırki rüsumlar 2002-ci ildən qüvvədədir və keçən 19 ildə heç vaxt dəyişdirilməyib. Sosial məntiqdən çıxış etsək, keçən 19 ildə əhalinin gəlirləri 11 dəfə, minimum əmək haqqı isə 17 dəfə artıb. Yəni, düşünürəm ki, bu məsələdə sosial amili qabartmaq o qədər də düzgün deyil. Digər tərəfdən, 1000 manata qədər iddialara tətbiq olunan dövlət rüsumları da əvvəlki kimi 30 manat həddində saxlanılıb. Amma bu, bir faktdır ki, dövlət büdcəsinin gəlirlərinin bir hissəsi də dövlət rüsumlarıdır. Azərbaycan regionda büdcə gəlirlərində dövlət rüsumlarının payının ən az olduğu ölkədir – 0.6%. Məhkəmə aparatının maliyyələşməsində yığılan rüsumların payı cəmi 2%-dir. Müqayisə üçün deyim ki, bu rəqəm Türkiyədə 53%, Qazaxıstanda 45%, Ermənistanda isə 11% dir. Yəni disbalansın olması göz önündədir".
Deputat qeyd edib ki, qanun böyük çeşiddə sosial ehtiyacı olan insanları bu rüsumları ödəməkdən tam azad edir: "Yəni, dövlətin sosial siyasəti bu halda da qorunur. Əlavə olaraq qeyd edim ki, məhkəmə prossesi son mərhələdir. Bu adi bir xidmət deyil. Buna qədər məsələlərin həlli üçün müxtəlif imkanlar mövcuddur, məhkəməyə qədər mübahisələrin həlli üçün Mediasiya İnstitutu formalaşdırılır. Dövlətin siyasəti həm də işlərin məhkəmələrə gəlib çıxmamasına çalışmaqdır. Bununla yanaşı, qeyd etməliyəm ki, qanun layihəsi ilə bağlı müxtəlif təkliflər bizim komitəyə daxil olub, onlara da baxılacaq".
