Bakı Apelyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi yenə də təxirə salınıb.
E-huquq.az xəbərinə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilməli olan proses artıq 6-cı dəfədir ki, qeyri-müəyyən səbəblərdən təxirə salınır.
Bildirilir ki, təqsirləndirilən şəxslər məhkəməyə gətirilmir və buna görə iclas baş tutmur.
Lakin e-huquq.az-ın əldə etdiyi xəbərə görə, məhkəmə iclaslarının təxirə salınmasına səbəb iş üzrə təqsirləndirilən şəxslərdən birinin səhhətində yaranan problemdir. Həmin şəxsin adı isə açıqlanmır.
Bu gün baş tutmalı olan məhkəmə iclası avqustun 26-dək təxirə salınıb.
Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri – Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.
