Məzmuna keç

Vətəndaşlara “Açıq qapı” günü aksiyalarında növbəti pulsuz hüquqi yardım göstərilib – FOTO

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) təşkilatçılığı ilə respublikanın müxtəlif ərazilərində keçirilən 44 günlük pulsuz hüquqi yardım aksiyası çərçivəsində “Açıq qapı” günləri davam etdirilir.

E-huquq.az xəbər verir ki, sentyabrın 27-də başlayan aksiya çərçivəsində vətəndaşlar müxtəlif ünvanlarda pulsuz hüquqi yardımla təmin olunur.

Belə ki, ötən həftə ərzində Bakı şəhəri 15, 16, 17, 18 və 19 saylı Vəkil Büroları tərəfindən “Açıq qapı” günləri təşkil olunub.

Aksiyalar zamanı ümumilikdə 40-a yaxın vətəndaşa pulsuz hüquqi yardım göstərilib.

Vətəndaşların müraciətləri əsasən cinayət və inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktların müəyyən edilməsi, pensiya təminatı, kredit mübahisələri, mənzil məsələləri və digər sosial problemlərlə bağlı olub. Müraciətlər əsasında vətəndaşlara hüquqi məsləhətlər verilib, zəruri sənədlər, o cümlədən yazılı ərizələr hazırlanıb.

Qeyd edək ki, bu həftə ərzində “Pro Bono” və Bakı şəhəri 20, 21, 22, 24 saylı Vəkil bürolarında da pulsuz hüquqi yardım aksiyalarının keçirilməsi nəzərdə tutulur.

Aksiya çərçivəsində aztəminatlı və sosial baxımdan həssas qruplara aid vətəndaşlar qeyd olunan vəkil qurumlarına müraciət edərək hüquqi məsələləri ilə bağlı pulsuz məsləhət və digər hüquqi yardım xidmətlərindən yararlana bilərlər.