Məzmuna keç

Ali Məhkəmə prokurorun protestini təmin etmədi

Ali Məhkəmə prokurorun protestini təmin etmədi

Ali Məhkəmədə “Göyçay-Konyak zavodu” ASC-nin İdarə Heyətinin sədri Vaqif Məmmədovun barəsində olan məhkəmə qərarından dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinə baxılıb.

E-huquq.az-ın xəbərinə görə, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun kassasiya protesti təmin edilməyib.

Qeyd edək ki, 2018-ci ildə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata əsasən, bank təşkilatlarından aldıqları kreditləri təyinatı üzrə istifadə etməyən şirkət rəhbərlərinin qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.

Aparılmış istintaqla “Göyçay-Konyak zavodu” ASC-nin İdarə Heyətinin sədri V.Məmmədovun aldığı kreditlərə görə ödənilməmiş borcları olduğu halda, həmin borcları ödəmək qabiliyyətində olmamasına baxmayaraq, 2013-cü ildən direktoru olduğu “Nicat” firmasının götürdüyü kreditlərin ödənilməsi üçün kifayət qədər əsas və dövriyyə vəsaitlərinə malik olması barədə “Texnika bank” ASC-yə təqdim etdiyi kredit sifarişinə bilə-bilə yalan məlumatlar daxil edib bankdan dövriyyə vəsaitinin genişləndirilməsi məqsədilə 150 min manat məbləğində kredit alaraq həmin vəsaitin təyinatı üzrə istifadə edilməsini və ödənilməsini təmin etməyərək şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.

V.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 195.2-ci (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Nərimanov Rayon Məhkəməsi V.Məmmədovun barıəsində 8 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin etməyib.