“Mars-M” MMC “Xalq Bank” ASC-ni məhkəməyə verib.
E-huquq.az-ın xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC ipoteka ilə yüklü edilmiş əmlakın naturada ayrılması barədə tələb irəli sürülüb.
“Mars-M” iddia ərizəsində göstərib ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi 120 ünvanda 0.2704 ha torpaq sahəsi üzərində yerləşən “Mars-M” firmasına məxsus, ipoteka ilə yüklü edilən, ümumi sahəsi 4583,5 kv.m təşkil edən 7 mərtəbəli daşınmaz əmlakın 6 və 7-ci mərtəbələrindəki qeyri-yaşayış sahələrinin, həmin ünvanda yerləşən ipoteka ilə yüklü edilən, ümumi sahəsi 16.100,5 kv.m-dən və 5 mərtəbədən və zirzəmidən ibarət qeyri-yaşayış binasından naturada ayrılması və həmin daşınmaz əmlak (qeyri-yaşayış sahəsi) üzərində sahiblik, istifadə hüququnun müəyyən edilməlidir.
Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edib ki, “Mars-M” MMC-nin elektron iddia ərizəsi qaytarılmalıdır.
Belə ki, iş materiallarına əlavə olunan sənədlərdən görünür ki, hazırkı iş üzrə tərəflər hüquqi şəxsdir və cavabdehin hüquqi ünvanı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin dislokasiyasına aid olan Yasamal rayonu ərazisində yerləşir.
Lakin iddia tələbinin mahiyyətindən aydın olur ki, iddiaçı “Mars-M” MMC-nin iddia tələbi Nərimanov rayonu, S.Vurğun küçəsi 120 ünvanda 0.2704 ha torpaq sahəsi üzrə ipoteka ilə yüklü edilməyən sahənin naturada ayrılmasına və həmin sahə üzrə istifadə hüququnun müəyyən edilməsinə aiddir. Yəni iddia tələbi torpaq sahəsinin naturada bölünməsi və həmin sahə üzrə mülkiyyət hüququnun tanınması ilə bağlıdır. Bu iddialar isə tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir.
Məhkəmə qərarına əsasən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılıb.
