Milli Məclisdə Konstitusiya Məhkəməsinin qərarlarında müəyyən edilmiş tövsiyələrin icrası ilə əlaqədar məsul şəxs müəyyən olunub.
Bu barədə e-huquq.az-ın sorğusuna cavabında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Bəhruz Məhərrəmov bildirib.
O qeyd edib ki, Konstitusiya Məhkəməsi digər səlahiyyətləri ilə yanaşı, qanunların və müvafiq hüquqi aktlarının Konstitusiyaya uyğunluğunu yoxlayır: "Sorğu və müraciətlərin öyrənilməsi zamanı qanunlarda uyğunsuzluq, yaxud ziddiyyət müəyyən olunarsa, Məhkəmə Qərarı ilə ya həmin hüquqi akt Konstitusiyanın müvafiq normasına uyğun olmayan hesab edilir, ya da həmin normanın iyerarxiya üzrə daha yuxarı hüquqi akta uyğunlaşdırılması Milli Məclisə tövsiyə edilir".
B.Məhərrəmov bildirib ki, Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir və istisnasız icra olunur, lakin indiyədək Milli Məclis müvafiq uyğunlaşdırma prosedurunu o qədər də çevik həyata keçirməyib: "Əlbəttə bu narahatlıq doğuran məqam idi və xüsusən də qanun yaradıcılığı və təkmilləşdirilməsi prosesini ləngidirdi. Təbii ki, bu məsələ VI çağırış Parlamentin çevik yanaşma ənənəsindən kənar qala bilməzdi. Artıq Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq göstərişinə əsasən, parlamentdə Konstitusiya Məhkəməsinin qərarlarında müəyyən edilmiş tövsiyələrin icrası ilə əlaqədar məsul şəxs müəyyən olunub".
Millət vəkili bununla həm bu günə qədər həllini gözləyən, həm də gələcəkdə meydana çıxacaq məsələlərə Milli Məclisin operativ reaksiyasının təmin ediləcəyini deyib. O bildirib ki, bu ümumi hüquq məkanı üçün çox müsbət bir tendensiyadır.
