Məzmuna keç

Ali Məhkəmə Plenumunun növbəti iclası keçirildi

2021-ci il sentyabrın 27-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

E-huquq.az-ın məlumatına görə, Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirib ki, bir il bundan əvvəl elə bu gün, yəni 27 sentyabr 2020-ci il tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin mövqelərini, eləcə də yaşayış məntəqələrini intensiv atəşə tutaraq təmas xətti boyunca Azərbaycan Respublikasına qarşı geniş miqyaslı hərbi əməliyyatlara başlayıblar.

Bu hərbi təcavüzə cavab olaraq Azərbaycanın silahlı qüvvələri Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun surətdə özünümüdafiə hüququna və beynəlxalq humanitar normalara əsaslanaraq, Ermənistanın işğalçı qüvvələrinə qarşı əks-hücum əməliyyatları keçirib. 44 günlük Vətən müharibəsi zəfərlə başa çatıb. 30 il işğal altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi, müzəffər ordumuzun şücaəti sayəsində azad edilib. Bu gün ölkəmizdə Anım günü keçirilir. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayırıq.

Plenumda Vətən müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 may 2021-ci il tarixli, 4/2021 saylı qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi müzakirə olunaraq müvafiq qərar qəbul edilib.

Plenumda həmçinin konkret işlərə baxılıb.