Azərbaycanda bir çox hallarda məhkəmə qərarların icra olunmaması və ya olduqca ciddi çətinliklərlə icra olunması bankları da böyük problemlərlə üz-üzə qoyur. Bankın bir borc üzrə məhkəmə qətnaməsinin vaxtında icra olunmaması borcun əmlaka və ya pula yönəldilməsinə mane olur. Bu problem bankların tələbkar olduqları icra sənədləri üzrə icra vərəqələrinin vaxtında icra edilməməsinə şərait yaradır. Nəzərə alsaq ki, bankların da müştərilərin qarşısında öz öhdəlikləri var, bu halda vətəndaşla bank arasında arzuolunmaz vəziyyət yaranır. Bəs bu problemin səbəbləri və həll yolu nədir?
E-huquq.az mövzu ilə bağlı bank məsələləri üzrə ekspert, vəkil Əkrəm Həsənovun fikirlərini öyrənib.
O hesab edir ki, Azərbaycanda icra işi düzgün qurulmayıb: "İcra məmurlarının işlərinin əksəriyyəti yoxlanılsa, müəyyən olunacaq ki, eyni tipli işlər üzrə bəzilərində canfəşanlıq edilir, bəzilərində isə konkret addımlar atılmır. Bu onu göstərir ki, icra məmuru işdə müəyyən maraq olmayanda, hər hansı fəaliyyət göstərmir. Hesab edirəm ki, icra işi ədliyyə sisteminin ən bərbad sahəsidir. Başa düşüləndir ki, icra məmurlarının əmək haqqı azdır, ona görə də onlar müxtəlif vasitələrə əl atırlar. Deməli, ilk növbədə onların maaşlarını artırmaq lazımdır. İkincisi, fəaliyyətlərində şəffaflıq təmin edilməlidir. Məsələn, məhkəmələr öz qərarlarını dərc edirlər, amma icra məmurları haqqında bir kəlmə də məlumata rast gəlmirik. Hər hansı aylıq, illik hesabat yoxdur. Dediyim kimi, əsas problem də odur ki, icra məmurları eyni tipli işlərə fərqli yanaşma göstərirlər".
Ə.Həsənov qeyd edib ki, məhkəmə qərarlarının icra vəziyyətindən ən çox zərər çəkən sahələrdən biri də bank sektorudur: "Məhkəmə qərarlarının icra olunmaması və yaxud vaxtında icra edilməməsi digər sahələrlə yanaşı, bank sisteminə, kreditorlara da mənfi təsir göstərir. Maraqlıdır ki, mən icra məmurlarının nəyisə araşdırmasını heç vaxt görməmişəm. Tutaq ki, mənim borcum var, bununla bağlı icra məmuru vergiyə sorğu verməlidir, aydınlaşdırmalıdır ki, nə qədər gəlirim, xərcim var. Ancaq onlar heç nə etmir, özlərini polis kimi hiss edirlər. Yəni, vətəndaşı çağırıb, qorxutmaq, həbslə hədələmək və sair. Yenə də qeyd edirəm ki, bu sahədə köklü islahatlar aparılmalıdır".
Rəşad Abbaslı
