Məzmuna keç

“Bu qələbə möhtərəm Prezidentimizin dövranın gərdişini dəyişməyə qadir lider olduğunu, xalqımızın əzmkarlığını və Silahlı Qüvvələrimizin qüdrətini bütün dünyaya əyani şəkildə sübut etdi”

"Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin prezidentlik dövrü Azərbaycanın daha da qüdrətlənməsi, xalqın rifahının hərtərəfli yaxşılaşdırılması, eləcə də, ardıcıl uğurlar ilə səciyyələnmiş və bu müsbət tendensiya yüksələn xətlə davam etməkdədir. Bütün bunları şərtləndirən isə ulu öndər Heydər Əliyevin mükəmməl siyasəti, bu siyasəti dövrün tələbləri ilə uzlaşdıra­raq yüksək məharətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin dühası, onun etibarlı məsləkdaşı Mehriban xanım Əliyevanın dəstəyi və millətimizin müdrikliyi, eləcə də sarsıl­maz xalq-iqtidar birliyidir".

E-huquq.az xəbər verir ki, bunu Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev "Xalq" qəzetində dərc edilən məqaləsində bildirib.

O qeyd edib ki, dövlət başçısının yürütdüyü siyasətin mükəmməlliyi, obyektiv gerçəkliyə adekvatlığı, milli maraqları əks etdirməsi, qayəsinin insan amili olması və nəticədə qazanılan hərtərəfli uğurlar hər bir Azərbaycan vətəndaşını fərəhləndirir, qürurlandırır, onda daha firavan gələcəyə böyük inam və əminlik yaradır ki, bu da ölkə rəhbərinə olan sonsuz xalq sevgisini dərinləşdirir: "Son 18 il ərzində cənab İlham Əliyevin hərtərəfli bilikləri, yüksək analitik düşüncəsi, qətiyyəti, gərgin əməyi və xalqın əzmkarlığı sayəsində iqtisa­diyyat güclənmiş, regionların tarazlı tərəqqisinin davamlılığı təmin olunmuş, bütün istiqamətlər üzrə nailiyyətlər qazanılmışdır ki, nəticədə qüdrətli dövlətimizin əzəməti daha da artmış və Azərbaycan dünya ölkələri sırasında böyük nüfuz və söz sahibinə çevril­mişdir. Eyni zamanda, qeyd olunan müddətdə Azərbaycan nəinki müasir dövrünün, ümumilikdə öz şərəfli tarixinin ən böyük uğurlarından birini qazanmışdır. Belə ki, müdrik lider, qətiyyətli və yenilməz sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə damlası düşmənin bütövlükdə vücudundan dəyərli olan qanları ilə şanlı tarix yazan hərbçilərimiz parlaq qələbəmizi təmin etmiş, nəticədə hərbi və siyasi-diploma­tik yolla 30 ilə yaxın müddətdə işğal al­tında olan dədə-baba torpaqlarımız azad edilərək, tarixi ədalət bərpa olunmuşdur. Bu qələbə möhtərəm Prezidentimizin dövranın gərdişini dəyişməyə qadir lider olduğunu, xalqımızın əzmkarlığını və silahlı qüvvələrimizin qüdrətini bütün dünyaya əyani şəkildə sübut etdi. Fürsətdən istifadə edib, uca Allahdan Vətən müharibəsində qəhrəmancasına həlak olan bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm".

Hərbi prokuror bildirib ki, bu gün yer kürəsini bürüyərək insanların sağlamlığını və həyatını təhlükə altına almaqla dünyada bir nömrəli problemə çevrilən koronavi­rus (COVID-19) infeksiyasına qarşı ölkəmizdə aparılan uğurlu mübarizəni də xüsusi vurğulamaq lazımdır. Belə ki, bu təhlükəli virusun qlobal problemə çevrilməyə başladığı ilk vaxtdan etibarən xalqımızın bu bəladan daha az zərər və minimal itki ilə çıxması üçün ölkə başçısının çox tədbirli davranaraq zamanında qətiyyətli addımlar atması, aidiyyəti dövlət orqanlarını və digər qurumları səfərbər etməklə müdrik tapşırıqlar verməsi pandemiya ilə mübarizədə dövlətimizin uğurlarını şərtləndirdi.

X.Vəliyev qeyd edib ki, ölkəmizin tərəqqisində və əldə olunan uğurlar­da, eləcə də dövlətimizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin bütün dünyaya tanıdılmasında yüksək erudisiya­ya, dərin düşüncəyə və mükəmməl idarəçilik qabiliyyətinə malik böyük dövlət xadimi, Azərbaycan Respub­likasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın zəngin və yorulmaz fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir: "Onun Respublikamızda təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, idmanın və digər sahələrin inkişafında xidmətləri, milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq səviyyədə geniş təbliği istiqamətində gördüyü böyük işlər dövlətimizin qüdrətlənməsinə və xalqın rifahının yaxşılaşdırılmasına töhfələr verməkdədir. Xüsusi vurğulanmalıdır ki, cənab Prezidentin ən sadiq silahdaşı Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti Vətən müharibəsi zamanı da diqqəti cəlb etmişdir. Birinci xanım ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün vətənpərvər çağırışları ilə hər bir azərbaycanlını informasiya platformalarında mübarizəyə səfərbər etməyi uğurla bacardı. Cəbhədə döyüşən qəhrəman hərbçilərimizə, eləcə də, yaralılarımıza hərtərəfli dəstəyi və duaları ilə yardımçı olan, şəhidlərimizin əzizlərinin ağrı-acısına şərik çıxaraq bir ana, bir bacı, bir övlad kimi doğma və qayğılı münasibəti ilə onları ovunduran, hər məqamda dövlət başçısının yanında olan Birinci vitse-prezident xalqımıza və ölkə rəhbərinə böyük dəstək verdi".