Xəbər verdiyimiz kimi, oktyabrın 1-dən "Elektron məhkəmə" informasiya sisteminə qoşulmuş məhkəmə aktlarından apelyasiya və kassasiya şikayətləri yalnız elektron qaydada qəbul edilir. Bununla əlaqədar "Elektron məhkəmə" informasiya sistemindən istifadə edən vəkillər bəzi problemlərlə qarşılaşdığını bildirirlər. Vəkil Səbuhi Axundov qeyd edir ki, "Elektron Məhkəmə" informasiya sistemində şəxsi kabinetinə bildirişlər gəlir, amma apelyasiya şikayətini görmək olmur: "Bildiriş gəlib ki, iş filan hakimdədir, filan tarixdə təhvil alınıb, amma sənədlərin üstünə vurursan içi boşdur. Birinci instansiyalarda da iş materiallarını tam olaraq yükləmirlər. İşin gedişində əlavə olunan sübutların bildirişi gəlir, amma işi sistemdə görmək olmur”.
E-huquq.az məsələ ilə bağlı Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə ilə əlaqə saxlayıb.
O bildirib ki, problem "Elektron məhkəmə" informasiya sistemi ilə bağlı deyil.
"Bizim qaynar xəttimiz mövcuddur, lakin ora belə müraciət gəlməyib. Bir neçə dəfə ayrı-ayrı vəkillər bu barədə sosial şəbəkədə bəzi məlumatlar yaymışdı. Amma biz fərdi qaydada araşdırmışıq, əlaqə saxlamışıq və məlum olub ki, sistemdən düzgün istifadə etmirlər, nəyisə düzgün daxil etmirlər. İzah etmişik və məsələ həll olunub. Ola bilər ki, hansısa işlə bağlı məlumat məhkəmə katibi tərəfindən sistemə tam daxil edilməyib. Elə hal olur ki, vəkil digər vəkilin iştirak etdiyi işə öz kabineti vasitəsi ilə girir və təbii ki, orada yalnız ümumi məlumatla tanış ola bilir və deyir ki, məlumatlar tam deyil. Axı, o, orada vəkil kimi iştirak etməyib, işi indi vəkil kimi apelyasiya səviyyəsində götürür və öz imzası ilə girir. Buna görə də təbii olaraq sistem onu tanımır, çünki işin iştirakçısı deyil. Bu problemin səbəbi ilə bağlı xeyli nüanslar var. Fərdi qaydada belə halları araşdırsaq, təbii ki, onun səbəbini və nədən irəli gəldiyini aydınlaşdıra bilərik” , – deyə o bildirib.
Sevgül Qasımzadə
