Məzmuna keç

Ali Məhkəmə prokurorun protestini təmin etmədi, İraq vətəndaşı ilə bağlı bəraət qüvvədə saxlanıldı

Bu gün Ali Məhkəmədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İraq vətəndaşı Ezzat Ahmed Khalid Ezzatın barəsindəki qərardan prokurorluq tərəfindən verilən kasassiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə e-huquq.az-a vəkil Əli Hüseynov məlumat verib. O qeyd edib ki, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən məhkəmə prosesində kasassiya protesti təmin edilməyib və bəraət qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında Bakının Nəsimi rayonunda, Vaqif küçəsi, 5 ünvanında baş verib.

İraq vətəndaşı olan turist kirayə götürdüyü 90-AU-667 dövlət qeydiyyatı nişanlı, KİA markalı minik maşını ilə yolu keçən 2013-cü il təvəllüdlü Səlimov Səlim Arif oğlunu vurub.

1 saylı Klinik Tibbi Mərkəzə aparılan yaralıya ağır kəllə-beyin travması diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib. Sonradan azyaşlı ölüb.

Ezzat Ahmed Khalid Ezzata Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.