"Oktyabrın 1-dən mülki işlər üzrə apellyasiya şikayətinə dair tələblər və onun geri qaytarılmasının əsasları dəyişdirilib. Dəyişikliyə əsasən, apellyasiya şikayətində məhkəmə aktının konkret olaraq hansı hissədə mübahisələndirildiyi qeyd edilməlidir və apellyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Eyni zamanda şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar qeyd olunmalıdır. Bu tələblərə əməl etməyən şəxslərin apellyasiya şikayəti qəbul edilməyəcək".
Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, “Mirzəyev və partnyorları” Vəkil Bürosunun vəkili Qulam İsmayılzadə deyib.
Onun sözlərinə görə, kifayət qədər sərt olan bu tələblər məhkəmələrdə iş yükünün azaldılmasına müsbət təsir etsə də, aztəminatlı şəxslərin məhkəməyə müraciətinə əngəl törədəcək: "Əvvəl bu tələblər yalnız Ali Məhkəməyə müraciət etdikdə, yəni kassasiya şikayətində qoyulurdu. Nəzərə alsaq ki, vətəndaş mülki işlər üzrə yalnız Ali Məhkəmədə dövlət hesabına vəkillə təmin edilir, bu baxımdan bu tələblərə əməl olunması vəkilin köməyi ilə mümkün idi. Ancaq indi Mülki-Prossesual Məcəlləyə edilən dəyişikliklər vəkilsiz apellyasiya şikayəti verən vətəndaşın işini xeyli çətinləşdirib. Hüquq təhsili olmayan şəxs üçün qeyd edilən sənədlərin toplanması, şikayət üzrə konkret faktların göstərilməsi kifayət qədər çətin olacaq".
Q.İsmayılzadə hesab edir ki, qeyd edilən dəyişikliklər apellyasiya instansiyasında da mülki işlər üzrə dövlət hesabına hüquqi yardımı zəruri edir: "Aztəminatlı şəxslər, yəni vəkilə müraciət etməyə maddi imkanı olmayan insanlar nə etməlidir? Hesab edirəm ki, Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırovun da qeyd etdiyi kimi, dövlət hesabına hüquqi yardıma əlçatanlığı təmin etmək üçün, mülki işlər üzrə apellyasiya instansiyalarında da vətəndaşın dövlət hesabına vəkillə təmin olunması məsələsinə baxılmalıdır".
Xəyalə Bünyatova
