Məzmuna keç

Koronavirusun ədalət mühakiməsinə yan təsirləri –

Sumqayıt Regional Vəkil Bürosunun rəhbəri, Vəkillər Kollegiyasının üzvü Anar Qasımlı "Koronavirusun ədalət mühakiməsinə yan təsirləri" adlı məqalə yazıb.

E-huquq.az-a göndərilən həmin məqaləni təqdim edirik:

"Cari ilin oktyabr ayının 6-da Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən “Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan əlavə tədbirlər haqqında” MƏLUMAT paylaşıldı. Yerindəcə qeyd edək ki, Ali Məhkəmənin paylaşımı QƏRAR adı ilə deyil, MƏLUMAT adı ilə paylaşıldı. Qərar və məlumatın fərqi hər kəsə aydın olduğundan bu barədə geniş mühazirə söyləməyə gərək duymuram.

Həmin məlumatda “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına istinad olunaraq məhkəmələrə aşağıdakılar tövsiyələr verilirdi:

• 2021-ci il 11 oktyabr tarixindən məhkəmə binalarına daxil olan, habelə qapalı məkanlarda keçirilən prosessual hərəkətlərdə bilavasitə iştirak edən bütün şəxslərdən COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) və ya Əks Göstəriş sertifikatının (COVID-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı) olması tələb edilsin;

• Barəsində qətimkan tədbirinin seçilməsi və inzibati həbs tənbeh növünün tətbiqi məsələsi həll olunan şəxslər COVID-19 pasportu və ya Əks Göstəriş sertifikatı olmadığı hallarda onların məhkəmə iclaslarında iştirakları videokonfrans əlaqə sistemindən istifadə edilməklə, bu mümkün olmadıqda və ya həmin şəxslərin məhkəmə iclasında şəxsən iştirakı zəruri olduğu hallarda onların sanitar-gigiyenik və tibbi-profilaktik qaydalara ciddi riayət etmək şərti ilə bilavasitə iştirakları təmin olunsun;

• Təqsirləndirilən şəxslər (qətimkan tədbirlərinin seçilməsi məsələsi həll olunan şəxslər istisna olmaqla), azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumlar və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2.1-ci maddəsində göstərilən digər proses iştirakçılarının COVID-19 pasportu və ya Əks Göstəriş sertifikatı olmadığı hallarda, habelə səhhətinin vəziyyəti onların məhkəmə icraatında bilavasitə iştirakını qeyri-mümkün etdiyi və həmin Məcəllənin 51-2.1.1-51-2.1.4-cü maddələrində nəzərdə tutulmuş digər hallarda prosessual hərəkətlərin, eləcə də icraatın tamamilə və ya qismən videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsinə üstünlük verilsin;

• Hakimlərin, məhkəmə aparatı işçilərinin və vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində, habelə qapalı məkanlarda prosessual hərəkətlərin həyata keçirilməsi zamanı qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun;

• Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması və inzibati binaların qoruyucu-gigiyenik vasitələrlə təchiz edilməsi üçün zəruri tədbirlər görsünlər.

İndi isə Ali Məhkəmənin istinad etdiyi qərara diqqət yetirək. Adından göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Qərar adlanır. Bəzi məhdudiyyətləri aradan qaldıran qərara istinadən bəzi məhdudiyyətlər müəyyən etmək barədə məlumatın (tövsiyənin) heç bir hüquqi əsası olmadığı kimi, hüquqi qüvvəsi də ola bilməz, onun əsasında heç kəsə qarşı məhdudiyyət tətbiq edilə bilməz. Əgər həqiqətən də koronavirus pandemiyası şəraitində məhkəmə iclaslarında iştirakla bağlı hansısa məhdudiyyətlər tətbiq olunmalıdırsa, bunu Ali Məhkəmə deyil, Nazirlər Kabineti etməlidir. Mən hələ Nazirlər Kabinetinin hüquqların məhdudlaşdırılması barədə qərar qəbul etmək səlahiyyətlərinin incəliklərini bir kənara qoyuram.

Nəzərə almaq lazımdır ki, Ali Məhkəmənin də istinad etdiyi “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunur. Yəni həmin qərarla COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin müvafiq pasporta sahib olması tələb olunur, həmin yerlərə müraciət edənlərə münasibətdə isə, belə bir tələb yoxdur.

Bundan əlavə, işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin siyahısını müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əlavədə məhkəmələr ümumiyyətlə göstərilməyib. Nazirlər Kabineti məhkəmə işçiləri qarşısında belə bir tələb qoymadığı halda, Ali Məhkəmənin yaydığı məlumat tamamilə əsassız və qanunsuzdur.

Bəs bu məlumatın yayılması təcrübədə hansı problemlər yaratdı?

Ali Məhkəmənin tövsiyə xarakterli məlumatı məhkəmələr tərəfindən yanlış olaraq maddi hüquq norması kimi qəbul edildi və COVID-19 pasportu olmayan şəxslərin məhkəmə iclaslarına buraxılmamasına başlanıldı.

Əvvəla, qeyd edək ki, Ali Məhkəmə mövzuya bir qədər diqqətlə yanaşaraq, paylaşdığı məlumatda COVID-19 pasportu olmayanlar məhkəməyə buraxılmasın deyil, 2021-ci il 11 oktyabr tarixindən məhkəmə binalarına daxil olan, habelə qapalı məkanlarda keçirilən prosessual hərəkətlərdə bilavasitə iştirak edən bütün şəxslərdən COVID-19 pasportunun olması tələb edilsin formulundan istifadə edib. Əlbəttə, mübahisə açmaq olar ki, buradan dolayısı ilə həmin nəticə çıxır. Amma nə qanun, nə qərar, nə də rəsmi orqanın məlumatı dolayısı ilə olmamalıdır, dəqiq olmalıdır, heç kimi dolamamalıdır.

Bu məhdudiyyətin nəticəsi olaraq, məhkəmələrə pozulmuş hüququnun bərpası ilə əlaqədar müraciət etmiş vətəndaşlar, hətta onların vəkilləri belə məhkəmə iclasına buraxılmırlar. Hamıya bəllidir ki, COVID-19 pasportu hər iki doza vaksini vurdurmuş şəxslərə verilir. Hamıya o da bəllidir ki, birinci doza ilə, ikinci doza arasında təxminən 1 ay müddət olur. Deməli, Ali Məhkəmə 6 oktyabrda 5 gün sonra üçün məhdudlaşdırıcı tövsiyə verə bilməzdi.

Digər tərəfdən, artıq 5 gündür həmin tövsiyəni rəhbər tutaraq vətəndaşları və onların vəkillərini məhkəmə iclaslarına buraxmayan məhkəmələrin səlahiyyətli şəxsləri buyurub açıqlama versinlər görək, Ali Məhkəmənin digər tövsiyələrinə niyə əməl etmirlər? Bu yersiz məhdudiyyətə görə hər gün ölkə üzrə yüzlərlə məhkəmə prosesi təxirə salınmalı olur. Niyə videokonfrans əlaqə vasitəsindən istifadə edib, həmin prosesləri keçirmirlər? Axı bu da tövsiyə olunub. Bir səlahiyyətli şəxs çıxıb açıqlama versin görək, birinci doza vaksini vurdurmuş hər hansı bir şəxsin, o cümlədən vəkilin məhkəmə prosesinə buraxılmaması qanunidirmi?

Yekun olaraq qeyd edək ki, koronavirus pandemiyasına görə tətbiq edilən məhdudiyyətlər qanuni və əsaslı olmalı, məhkəmələrdə süründürməçiliyə, işlərin baxılmasına süni problemlər yaradılmasına, bəzi hallarda məhkəməyə çağrılan şəxslərin məhkəmədən yayınması üçün bundan sui-istifadə etməsinə imkan verməməli, bütövlükdə ədalət mühakiməsini koronavirusa yoluxdurmamalıdır".