“Bu gün Sumqayıt Apellyasiya Məhkəməsində hakim Gülnarə Tağıyeva məhkəmə binasında işıqların qəfildən söndüyü bir vaxtda, yəni videoçəkiliş olmadan qərar çıxardı. Üstəlik, heç bir araşdırma aparmadan elə ilk iclasda 10 dəqiqə ərzində işi yekunlaşdırdı”.
Bunu e-huquq.az-a açıqlamasında vəkil Səbuhi Axundov deyib.
O bildirib ki, COVID-19 pasportu olmadığına görə məhkəmə binasına buraxılmayıb və proses onun iştirakı olmadan keçirilib: “Hakim vəkilin iştirakı olmadan, məhkəmə binasının işıqları ani söndüyü bir vaxtda məhkəməni yekunlaşdırıb. Müdafiə etdiyim şəxs xahiş edib ki, müdafiə hüququnun təmin olunması üçün prosesi təxirə salsınlar. Bildirib ki, növbəti prosesdə vəkil də iştirak edəcək. Lakin onun xahişinə məhəl qoyulmayıb. Abşeron Rayon Məhkəməsində məhkəmə adına ləkə olacaq qətnamə çıxaran hakimdən və qətnaməsindən şikayət edərkən apellyasiya instansiyasında bu qədər yalana don geyindirə bilməyəcəklərini düşünürdüm. Lakin 10 dəqiqə ərzində davam edən prosesdə şikayətimiz təmin olunmadı. Birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə qaldı”.
Vəkil bildirib ki, həm COVID-19 pasportu olmadığına görə məhkəmə binasına buraxılmaması, həm də Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə bağlı müvafiq instansiyalara şikayət edəcək.
“Mən koronavirus əleyhinə vaksinin birinci dozasını vurdurmuşam. İkinci dozanın isə vaxtına hələ var. Üstəlik, Nazirlər Kabiteninin COVID-19 pasportu və ya immunitet sertifikatının tələb edildiyi iş və xidmət sahələri siyahısında məhkəmələr yoxdur. Hansı əsasla bizi məhkəmə binasına buraxmırlar? Bu məsələni Avropa Məhkəməsinə qədər aparacağam. Vəsatətlər əlimizdə qalıb, heç biri araşdırılmayıb. Fikirləşirdim ki, apellyasiyada videoyazı olar, heç olmasa orda araşdırma aparılmadığı görünər. Onu da bu cür etdilər. Mən bu gün vəkil olaraq müdafiə etdiyim şəxsin qarşısında utandım. Vəkil nəyə lazımdır onda? Araşdırma aparılmayacaqsa, məhkəmə nəyə lazımdır? Vəkil tərəflə çəkişməli olduğu halda, niyə hakimlə çəkişməlidir? Hakimin nə marağı var ki, məhkəmədə çəkişməni təmin etmir? Bu insanlar məhkəmə-hüquq islahatlarına zərbə vururlar. İslahatlara kölgə salan hakimlər məhkəmədə olmamalıdırlar”, – deyə S.Axundov qeyd edib.
Vəkilin itithamları ilə bağlı hakim Gülnarə Tağıyevadan münasibət öyrənməyə çalışsaq da, mümkün olmadı.
Sumqayıt Apellyasiya Məhkəməsindən isə e-huquq.az-a verilən açıqlamada inzibati binada yaranmış texniki problemə münasibət bildirildi.
"Vəkil Səbuhi Axundov COVID-19 pasportu olmadığına görə inzibati binaya buraxılmayıb. İşə baxılıb və müvafiq qərar qəbul olunub. İşə baxılarkən məhkəmə kompleksinin yerləşdiyi ərazidə işıq sönüb. Buna baxmayaraq, məhkəmə binası generatorlar vasitəsilə elektrik enerjisi ilə təmin edilib. Yəni işə baxılarkən zalda videoçəkiliş aparan avadanlıqlar, o cümlədən elektron informasiya sistemi işlək vəziyyətdə olub. Ona görə də vəkil müraciət edərək videogörüntüləri və digər məlumatları əldə edə bilər", – deyə məhkəmə Aparatından bildirilib.
Xəyalə Bünyatova
