Məzmuna keç

“Yazılı icraat qaydasının tətbiqi ilə şifahi məhkəmə iclaslarının keçirilməsinə ehtiyac olmur”

"Kassasiya məhkəməsinin fəaliyyəti ilə bağlı bir sıra məsələləri də əhatə edən həmin islahatlar ölkəmizdə ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni mərhələ kimi qəbul edilir".

E-huquq.az-ın məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Mərkəzi və Şərqi Avropa ölkələri Ali Məhkəmə sədrlərinin 11-ci Konfransında ”Ədalət mühakiməsinin əlçatanlığı” mövzusunda çıxış edərkən deyib.

Sədr son zamanlar ölkəmizdə məhkəmə-hüquq sistemində köklü islahatların həyata keçirilməsi barədə konfrans iştirakçılarına məlumat verib: "Yeni islahatlara əsasən bu ilin oktyabr ayından etibarən ölkəmizdə kassasiya məhkəməsi işlərə müstəsna hallar istisna olmaqla, ancaq yazılı icraat qaydasında baxır. Bu qaydanın tətbiqi ilə artıq formal xarakter alan şifahi məhkəmə iclaslarının keçirilməsinə ehtiyac olmur, Ali Məhkəmə özünün işini daha səmərəli qurmaq və hüquq məhkəməsi kimi daha keyfiyyətli fəaliyyət göstərmək imkanı əldə edir".

R. Rzayev sədri vurğulayıb ki, son zamanlar aparılmış islahatlar nəticəsində ölkəmizdə elektron məhkəmə informasiya sistemindən istifadə imkanları daha da genişləndirilir. Ali Məhkəmənin sədri ölkəmizdə kassasiya məhkəməsinin daha səmərəli fəaliyyət göstərməsi üçün bir sıra vəzifələrin həyata keçirilməsindən söz açıb: "Bu vəzifələr sırasında məhkəmə təcrübəsini yaratmaq və onun vahidliyini təmin etmək, məhkəmələrin və hakimlərin müstəqilliyinin təmin edilməsinə yönəlmiş sistemli və davamlı işlər görmək, ədalət mühakiməsinin keyfiyyətini artırmaq üçün məhkəmə sisteminin səmərəli idarəçiliyinə nail olmaq, hüquq və ədalət mühakiməsi ilə bağlı məsələlərdə davamlı təlim və tədris təşkil etmək, ədalət mühakiməsinin nüfuzunun artırılması üçün ictimaiyyətlə səmərəli əməkdaşlıq prioritet istiqamətlərdir".