Məzmuna keç

Arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Bakıda Özbəkistan vətəndaşı olan arvadını qətlə yetirməkdə təqsirləndirilən Elçin Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, iyulun 30-u saat 19 radələrində Binəqədi rayon sakini Özbəkistan Respublikası vətəndaşı, 1975-ci il təvəllüdlü Nailə Əliyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, Azərbaycan vətəndaşı, 1980-ci il təvəllüdlü Elçin Ələkbərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nailə Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elçin Ələkbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.