Məzmuna keç

“Qubadlının işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdıran tarixi bir hadisədir”

“Qubadlının işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdıran tarixi bir hadisədir”.

E-huquq.az xəbər verir ki, bunu politoloq Yusif Bağırzadə Qubadlının işğaldan azad olunmasının ildönümü ilə bağlı danışarkən deyib.

“Bu gün 27 il davam edən Qubadlı işğalına son qoyumasından bir il ötür. 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Qubadlı rayonu düz bir il öncə 2020-ci il oktyabr ayının 25-də Azərbaycanın Müzəffər Ordusu tərəfindən işğaldan azad olundu. O zaman Qubadlının işğalı nəticəsində rayon əhalisinə və ümumilikdə dövlətimizə külli miqdarda maddi və mənəvi ziyan vurulmuşdu. Statistikaya baxsaq, görərik ki, işğal nəticəsində 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü, 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılıb və yararsız vəziyyətə salınıb. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində köçkün həyatı yaşamaq məcburiyyətində qalıb. ​İşğaldan öncə 79812 hektar torpaq fonduna və 13160 hektar meşə sahəsinə malik olan Qubadlı rayonu faydalı qazıntı ehtiyatları ilə də zəngin bölgələrimizdən biridir. Belə ki, Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur", – deyə politoloq qeyd edib.

Y.Bağırzadə bildirib ki, 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi zamanı rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və oktyabrın 20-də cənubda yerləşən Zəngilan şəhərinin işğaldan azad olunması Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı: "22 oktyabrda başlayan Qubadlı əməliyyatı 25 oktyabrda uğurla başa çatdırıldı. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Çünki burada ermənilərin həm güclü istehkamları mövcud idi, həm də Qubadlı şəhərinə hakim olan yüksəkliklər düşmənin nəzarətində idi. Amma bütün bunlara baxmayaraq, ordumuzun qətiyyəti və bacarığı sayəsində həmin strateji yüksəkliklər, o cümlədən də şəhər ətrafında yerləşən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri düşməndən azad olundu və Müzəffər ordumuz Qubadlı şəhərinə daxil oldu. Heç şübhəsiz ki, Qubadlının işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdıran tarixi bir hadisədir".

Politoloq qeyd edib ki, Ordumuzun bu şücaəti və qəhrəmanlığı əbədi olaraq hər bir Azərbaycanlının yaddaşında əks olunacaq: "Qubadlı uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyi dövlətimiz tərəfindən də yüksək qiymətləndirilir. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalının təsis edilməsindən sonra Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib. Fürsətdən istifadə edib Qarabağ uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizə Allahdan rəhmət, yaralılara tezliklə sağlamlıqlarına qovuşmağı arzu edirəm”.