Cənubi Qafqazın qabaqcıl şirkətlərindən olan “AZGRANATA” MMC-nin fəaliyyətə başlamasından 10 il ötür. Şirkətin İctimaiyyətlə əlaqələr üzrə meneceri Ülvi Günəşli e-huquq.az-a müsahibəsində “AZGRANATA”nın fəaliyyəti və ötən müddət ərzində görülən işlərdən danışıb.
Həmin müsahibəni təqdim edirik:
Ülvi bəy, istərdik ilk növbədə “AZGRANATA”nın yaranma tarixi haqqında məlumat verəsiniz.
– “AZGRANATA” şirkətinin yaranmasına 2007-ci ildə başlanıb. Belə ki, həmin ildə Ağsu rayonunun Hacıqədirli və Qaravəlli kəndlərində böyük hissəsi orqanik sertifikat almış 350 hektarlıq bağları, Şamaxı rayonunun ərazisi olan Böyük Qafqaz sıra dağlarının Adnalı yaylasında dəmyə torpaqlarda isə dəniz səviyyəsindən 600-700 metr hündürlükdə 500 hektara yaxın üzüm bağları salınmağa başlayıb. Şirkətin Ağsu rayonunda isə 14 hektar sahədə istehsal gücünə və müasir avadanlıqlarla təchizatına görə Cənubi Qafqazın ən qabaqcıl alkoqollu və alkoqolsuz içkilərin istehsal zavodu qurulub. Zavod 2011-ci ilin 30 oktyabr tarixində cənab Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

“AZGRANATA” MMC-yə məxsus zavodda müxtəlif növ meyvələrin konservantsız təbii şirələri, kompotları, konsentratları və mürəbbələri həmçinin nar sousu, kal üzümün suyundan hazırlanan Abqora istehsal edilir. Zavodun alkoqollu içkilərin istehsalı sahəsində isə müxtəlif növ şərablar, likyorlar, meyvə araqları, vodka, Türk rakısı, viski və konyak məhsulları istehsal edilir.
Şirkət fəaliyyətə başladığı qısa zamanda həm daxili həm də xarici bazarlarda özünəməxsus brendlərlə tanınmağı və brendlərinə tələb yaratmağı bacarıb.
Xarici bazarlarda neçə ölkədə məhsullarınız var və ümumiyyətlə ixrac potensialınızı necə artırırsınız?
– İstehsal etdiyimiz alkoqollu və alkoqolsuz brendlər hazırda dünyanın 30 ölkəsində “Made in Azerbaijan” adı ilə satılır. Rusiya, Amerika, Kanada, Almaniya, Fransa, Hollandiya, Belçika, Polşa, Çexiya, Avstriya, Macarıstan, Ukrayna, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Yaponiya, Çin, Bəhreyn, İsrail, Avstraliya və digər ölkələrdə məhsullarımızın satışı hesabına ölkəmizə valyuta gətirilməsində az da olsa, əməyimizin olması bizi xüsusilə fərəhləndirir.

Yeni müştərilər taparaq ixrac potensialımızı artırmaq və mövcud müştərilərimizin istəklərini təmin etmək üçün imkanlarımızdan tam istifadə edirik.
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə təşkil edilən ixrac missiyaları, biznes forumlar və sərgilər bizə daha geniş müştəri bazarlarına çıxmağa kömək edir. Bu səfərlərdə biz rahatlıqla xarici müştərilərlə ünsiyyətdə olub, onların istəklərini öyrənirik. Eyni zamanda xarici bazarlardakı rəqiblərimizi tanıyırıq ki, onlarla rəqabət apara bilək. 10 illik fəaliyyət dönəmimizdə istər ölkə daxilində, istərsə də xaricdə çoxsaylı mükafatlarla təltif edilmişik.



Bildiyimizə görə, “AZGRANATA” öz sahəsində ən böyük həcmli vergi ödəyicisi olan şirkətidir. Bunu nə ilə əlaqələndirə bilərsiniz?
– Bəli, doğrudur. Biz hüquqi və suveren bir dövlətdə yaşayaraq fəaliyyət göstəririk. Fəaliyyətimizi bütün istiqamətlərdə dövlətimizin ali qanunlarına uyğun formada qurmuşuq. Ümumiyyətlə, bu gün ölkəmizdə iqtisadiyyatın sürətli və dayanıqlı inkişafına, sahibkarların inamlı, uğurlu və qanunvericiliyə uyğun şəffaf fəaliyyət göstərməsinə dövlətimiz tərəfindən yetərincə diqqət, qayğı və imkanlar var.

“AZGRANATA” MMC həm də tez-tez xeyriyyə məqsədli tədbirlər keçirməsi ilə tanınır. Bu qəbildən həm COVID-19 pandemiyası ilə mübarizədə, həm də 44 günlük Vətən müharibəsi dönəmində şirkətin göstərdiyi dəstək təqdirəlayiqdir.
-Düşünürük ki, bazarda istehlakçıların seçim meyarlarında və tərəfdaşlar arasındakı münasibətlərdə yalnız kommersiya maraqları deyil, şirkətin cəmiyyət və tərəfdaşları qarşısında sosial öhdəlikləri də var. Bu baxımdan “AZGRANATA” şirkəti olaraq biz korporativ sosial məsuliyyətimizi dərk edərək buna fəaliyyətimizin bir hissəsi kimi baxırıq.

Bilirik ki, “AZGRANATA” hər zaman yenilikləri ilə seçilir. Şirkətin 10 illik fəaliyyəti dönəmində həyata keçirdiyi yeniliklər barədə məlumat verərdiniz…
– Bu sualınıza cavab olaraq bizi rəqiblərimizdən fərqləndirən bir çox yenilikləri və nəaliyyətləri qeyd edə bilərəm. İlk növbədə “AZGRANATA”nın kadr siyasəti haqqında danışmaq istərdim. Nəzərinizə çatdırım ki, şirkətimizdə müxtəlif sahələrdə çalışan əməkdaşların bilik və təcrübəsinin artırılmasında şirkət rəhbərliyinin dəstəyi daim özünü göstərir. Belə ki, hər il bir neçə gənc və prespektivli əməkdaşımız müxtəlif ölkələrdə təhsillərini müəssisəmizin maddi dəstəyi hesabına artırmış olur. Paralel olaraq, hər il bir neçə gənc əməkdaşımıza Avropanın qabaqcıl şərab zavodlarında təcrübə keçmək imkanları yaradılır. Müəyyən müddətdən sonra şirkətimizdə çalışmaq üçün geri gələn əməkdaşlarımıza müəssisədə yaradılmış imkanlardan istifadə edərək müxtəlif eksperimentlərin aparılması üçün dəstək göstərilir.
Biz ölkəmizdəki bir neçə universitetlərlə əməkdaşlıq edirik. Bu əməkdaşlıq çərçivəsində həm tələbələr şirkətimizin istehsalat sahəsinə, bağlarına ekskursiyalar edə bilir, həm də müəssisəmizdə təcrübə keçmək imkanı qazanırlar. Biz “AZGRANATA” olaraq ölkəmizdə şərab mədəniyyətinin təbliğatına, şərabçılıq turizminin inkişafına və Azərbaycan şərablarının beynəlxalq səviyyədə tanıdılmasına ən böyük tövhə verən istehsal şirkətiyik. Bizim təşkilatçılığımızla bir neçə yerli telekanallarda şərab mədəniyyətindən və elmindən bəhs edən silsiləli verilişlər hazırlanıb. Bu həqiqətən də Azərbaycan televiziya məkanında ilk və tək layihə olub.
“AZGRANATA”da hər il ümumilikdə minlərlə yerli və xarici vətəndaşı qonaq olaraq qarşılayırıq. Qonaqlarımız 14 hektar sahədə salınmış modern istehsal sahələrini gəzərək məhsulların hazırlanma prosesinin canlı şahidi ola bilir. Həmçinin müəssisədə yaradılmış dequstasiya zalında istehsal etdiyimiz məhsulların dequstasiyasını edirlər. Bizim müəssisənin dequstasiya zalı Azərbaycanda ən müasir və ən böyük dequstasiya zalıdır. Hətta biz burada bir şərabçılıq muzeyidə yaratmışıq. Muzeydə şərabçılığa aid bir çox qədim eksponatlar, qədim tarixə malik şərablar, şərabçılığa aid kitablar yer alır. Biz şərab muzeyimizdə ölkəmizdə olan digər şərab istehsalı müəssisələrinin hər birinə aid xüsusi rəflər hazırlayaraq həmin rəflərdə rəqiblərimizin ən seçilən brendlərini sərgiləyirik. Bununla xaricdən gələn qonaqlarımıza Azərbaycanın şərabçılıq sahəsindəki inkişafını, həmçinin sağlam rəqabətimizin olduğunu göstərmiş oluruq.


Bu gün zavodumuzun konyak spirtinin saxlama anbarından və şərab saxlama anbarından daxili, həmçinin xarici bazarlara göndərilən biri-birindən fərqli ətrə, dada, buketə malik füsünkarlığı ilə seçilən məhsullarımızın şöhrəti deməyə əsas verir ki, yerli istehsal müəssisələri içində “AZGRANATA” favoritdir. “AZGRANATA” vodka istehsalında bir inqilab etdi. Tamamilə fərqli texnologiyalar əsasında, yəni istehsalda gümüş ionların tətbiqi, təbii bal, çovdar cövhəri və keçi südü istifadə edərək yumşaq və hormonik vodkalar Ağsuda yerləşən zavodumuzda istehsal edilərək bazarda özünə təlabat yaratdı. Bu təlabat bu gün bəzi kiçik müəssisələri məcbur etdi ki, “AZGRANATA” istehsalı olan vodkaları əldə etmək istəyən istehlakçılara marketinq hiylələrindən istifadə edərək təsir göstərirlər. Bu gün ölkəmizdə Ağsu vodkaları kimi dillərdə bir növ brendə çevrilmiş “AZGRANATA” vodkaları hətta Rusiya və Ukrayna kimi ölkələrə də ixrac edilir. “AZGRANATA” istehsal sahəsində növbəti inqilabını “Ağsu nar” adlı nar şərablarının istehsalı ilə etmiş oldu. Məhz biz orqanik sertifikatlı nar bağlarımızdan topladığımız nar məhsulunu ən müasir avadanlıqlarda sıxaraq şəraba çevirdik. Narın özünəməxsus ətrini, dadını, şirəsinin rəngini özündə birləşdirən Ağsu nar şərabı həm daxili həm də xarici bazarlarda özünə layiqli yer tuta bildi. Hətta təbii nar şirəsinin fermentasiyasından dünyada ilk dəfə olaraq qazlaşdırılmış nar şərabı da istehsal edərək satışa çıxardıq.
“AZGRANATA” zavodunda tamamilə fərqli və müasir texnologiyaların tətbiqi nəticəsində milli alkoqollu içkilərimiz olan tut və zoğal araqları həmçinin bir çox meyvə araqlarını istehsal etdik. Ölkəmizdə ilk və yeganə müəssisəyik ki, türk rakısını yüksək keyfiyyətlə istehsal edə bildik. Müəssisəmizdə 40 ilədək müddətdə palıd çəlləklərdə yetişdirilmiş konyak spirtləri var. Məhz buna görə də “AZGRANATA” rəqiblərindən fərqlənir. Müasir texnologiya əsasında viski istehsalı da ölkəmizdə ilk dəfə olaraq “AZGRANATA” zavodunda reallaşdı.
Biz Azərbaycanda ilk müəssisəyik ki, bu gün bazarda 37 il palıd çəlləklərdə yetişdirilmiş Mil adlı markalı desert şərabı istehsal edərək markalı şərab istehlakçılarına dəyərindən çox aşağı bir qiymətlə satılmasına imkan yaratdıq. Ölkəmizdə ilk müəssisəyik ki, Madeira tipli Portveyn şərablarının alınması üçün zavodumuzda moderizasiya bölümü qurduq. Bu gün həmin şərablar şüşədən hazırlanmış həmin bölümün içərisində yerləşdirilmiş palıd çəllləklərdə yetişməsi üçün saxlanılır. Biz, həmçinin meyvə və giləmeyvələrdən desert şərabların istehsalını da gerçəkləşdirdik.

Azərbaycanda ilk dəfə alkoqolsuz şərabların istehsalçısı da məhz bizik. Bu gün istehsal etdiyimiz ağ, çəhrayı və qırmızı alkoqolsuz şərablarımız daxili bazarla yanaşı bir neçə xarici ölkəyə də ixrac edilir. Ağ və qırmızı üzüm sortlarından iki çeşid (İcewine) istehsal etdik ki, bunuda yeniliklərimiz sırasında mütləq vurğulamalıyam. Ölkəmizdə ilk dəfə sənaye üsulu ilə həsr üzərində saxlanılmış üzümdən şərab istehsalı “AZGRANATA” zavodunda baş verdi. “AZGRANATA” zavodunda yeni texnologiyalar əsasında likyor şərabları istehsal edilərək bazarda yeni məhsul, yeni dad kimi qəbul edildi.
Azərbaycanda ilk dəfə “Cryo-Maceration” üsulu ilə şərab istehsalına “AZGRANATA” müəssisəsində başlanılıb. Soyudulmuş üzümlər xüsusi avadanlıqda gilələrə ayrılır və palıddan hazırlanan fermentatorlara göndərilir. Burada toplanan salxımdan ayrılmış üzüm gilələri fermentasiya müddətində şəraba çevrilir. Bu üsulla əldə edilən şərablar daha zəngin və faydalı xüsusiyyətliliyi ilə seçilir. Həmin üsula bir qədər yaxın hesab edilən digər bir üsul isə “Carbonic maceration” adlanır ki, bu üsullada şərab istehsalı ölkəmizdə bir yenilik olaraq “AZGRANATA” zavodunda reallaşdı.
Yeniliklərimiz sırasında yaxın aylarda satışa çıxaracağımız “Brandy Cask” şərabları da var. Müəssisəmizdə palıd çəlləklərdə yetişdirdiyimiz konyak spirtlərini boşaltdıqdan sonra həmin boş qalan çəlləklərə şərab əlavə edib, yetişməsi üçün müəyyən müddətədək saxlayırıq. Bu zaman yetişmiş şərablar isə tamamilə fərqli və xoşagələn bir məhsula çevrilir. Emalını bu il gerçəkləşdirdiyimiz və gənc şərabçı mütəxəssislərimizdən olan Yusif Ləzgiyevin elmi iş olaraq götürüb uğurla nəticələndirdiyi yeniliyimiz, Azərbaycanın yerli texniki qırmızı üzüm sortu olan Mədrəsədən ağ şərab alınmasıdır. Azərbaycanın şərabçılıq tarixində daha bir ilk olan bu şərablar isə yetişmə müddətini başa vurduqdan sonra satışa çıxarılacaq.
Biz “AZGRANATA” MMC olaraq nar və üzüm meyvələrindən konsentrat əldə etdik. Əldə edilən konsentrat davamlı olaraq dünyanın müxtəlif ölkələrinə ixrac edilir. Həmçinin ölkəmizdə ilk dəfə təbii feyxoa şirəsinin istehsalına nail olduq. Bu məhsulda bu gün ixrac edilən məhsullarımız sırasındadır. Yerli istehsalçılar arasında yaşıl alma şirəsinin istehsal edilərək daxili bazarda satışına nail olduq. Biz, həmçinin “Tetra Pak” qablaşdırılmada müxtəlif meyvə çeşidlərindın kopmot istehsal edən ilk yerli müəssisə olduq.

“AZGRANATA” sənaye üsulu ilə ölkəmizdə ilk dəfə Abqora istehsalına başladı. El arasında “qora suyu” kimi də adlandırılan Abqora Azərbaycanın milli alkoqolsuz içkisidir. Abqora bir çox xəstəliklərin yaranmasının qarşısını almaq və müalicəvi məhsul kimi ondan faydalanmaq üçün istifadə edilir. Həmçinin milli mətbəximizdə bir sıra yeməklərin hazırlanmasında kal üzümün suyundan alınan Abqoradan istifadə edilir.
“AZGRANATA” MMC olaraq biz, ölkə üzrə 54 firma mağazasına sahib olmaqla alkoqollu və alkoqolsuz içkilər istehsal edən yerli müəssisələr sırasında birinciyik. Firma mağazası açmaq və mağazaların sayını artırmaq böyük məsuliyyət tələb edir. Bu məsuliyyət ondan ibarətdir ki, firma olaraq istehsal etdiyin hər bir məhsulun keyfiyyətinə mütləq əmin olmalısan. Bu əminlik olmasa, bu qədər sayda mağaza açmaq və işlək vəziyyətdə saxlamaq mümkün olmaz. Firma mağazalarının hər biri bizim həmin bölgədə nümayəndəmiz, simamız bir sözlə, reklamımızdır. Şirkətimizin qısa zamanda tanınmasında firma mağazalarımızın fəaliyyətinin rolu böyükdür. Məhsullarımızı firma mağazalarımızdan alan alıcıların heç bir halda saxta malla qarşılaşması mümkün deyil. Firma mağazalarımızda olan məhsullar yanlız zavodumuzda istehsal edilərək qablaşdırılan məhsullardır.
Ülvi bəy, biz də öz növbəmizdə 10 yaşınız münasibətilə “AZGRANATA” MMC-nin rəhbərliyini və bütün kollektivini təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayırıq. Suallarımızı ətraflı şəkildə cavablandırdığınız üçün isə sizə təşəkkür edirik!
– Çox sağ olun! Bütün uğurlarımızın əsas səbəblərini müstəqil ölkəmizdə iqtisadiyyatımızın inkişafına yönəlik düzgün siyasətin və dəstək mexanizmlərinin tətbiqində, Azərbaycanın torpaqlarında yetişən meyvələrin daha zəngin xüsusiyyətlərə malik olmasında, həmin meyvələrin yetişdirilməsində və onlardan biri-birindən keyfiyyətli məhsulların istehsal edilməsi üçün bilik və əmək sərf edən zəhmətkeş, peşəkar kollektivimizin varlığında görürük. Eyni zamanda müəssisənin ən müasir texnoloji avadanlıqlarla təchiz edilməsi, bu avadanlıqlarda alınan məhsullara on ildir ki, sevgi, inam və tələb göstərən dəyərli istehlakçılarımızın olması, onların süfrələrində məhsullarımızın yer alması və təbii ki, siz hörmətli media nümayəndələri, məhz sizlərin bizim fəaliyyətimizi, uğurlarımızı layiqincə dəyərləndirib işıqlandırmağınız “AZGRANATA” şirkəti olaraq uğurlarımızın danılmaz səbəblərindəndir.





