Məzmuna keç

“”Azəriqaz”ın qaz xəttinə hava vurması ilə bağlı iddia tamamilə əsassızdır” –

""Azəriqaz"ın maddi maraqlarına görə qaz borusuna hava vurması ilə bağlı vətəndaşın iddiası tamamilə əsassızdır".

Bunu e-huquq.az-a açıqlamasında qaz təsərrüfatı üzrə mütəxəsis Nüsrət Qasımov deyib.

O bildirib ki, qaz xətlərinə bilərəkdən hava vurmaqda "Azəriqaz" İstehsalat Birliyinin heç bir maddi marağı yoxdur: "Hər ay əhaliyə 30 milyon kubmetrdən çox qaz satan qurumun 2-3 kubmetrə görə belə addım atdığını iddia etmək ağılsızlıqdır".

Ekspert qeyd edib ki, qaz borularının təhlükəsizliyinin təmin ediməsi və yaranmış nöqsanların vaxtında aşkar edilməsi üçün bəzi prosedurlar həyata keçirilir: "Borular qaynaq olunarkən hər hansı nöqsanlar yarana bilər ki, bu da qazın verilişi zamanı sızmalara səbəb ola bilər və nəticədə ciddi fəsadlara gətirib çıxarar. Ona görə də təzə qaz xətti çəkiləndə istifadəyə verilməzdən əvvəl yüksək təzyiqlə yoxlanılmalıdır. Evlərə qaz veriləndə həmin yoxlamadan sonra boruların içində qalan hava təxminən 2-3 dəqiqə ərzində cihazlardan çıxır. Yəni baş verən hadisə bununla bağlı ola bilər".

N.Qasımov həmçinin deyib ki, bu tip hadisələr həm də fərdi evlərdə istilik sisteminin çəkilişinə cəlb olunan naşı ustaların su xəttini qaz xəttinə qoşması nəticəsində yaranır: "Borulara su dolan zaman bu qazın verilişini tamamilə dayandırır ki, bu da təchizatçı üçün problem yaradır. Belə hallarda “Azəriqaz” qaz təchizatını müvəqqəti olaraq dayandıraraq kompressorlar vasitəsilə kəmərlərə 1-2 atmosfer gücündə yüksək təziqli hava vurur. Həmin hava qaz xəttinə dolmuş suyu qovub çıxarır".

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə qaz borusuna hava vurulmasıyla bağlı vətəndaş tərəfindən videolar paylaşılıb. Görüntülər müzakirələrə səbəb olub.

Xəyalə Bünyatova