Quba Rayon Məhkəməsində əcnəbi vətəndaşa qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Rauf Tahirovun cinaytət işi üzrə məhkəmə iclası başlayıb.
E-huquq.az-ın xəbərinə görə, hakim İlqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası avqustun 28-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin may ayında baş verib. Quba Rayon Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş Van Ooijen mayın 5-də şəhər ərazisində naməlum şəxsin onun cibindən içərisində 200 manat və 60 avro, habelə sürücülük vəsiqəsi və 9 ədəd bankomat kartı olan pulqabısını açıq talama yolu ilə aldığını bildirib.
Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar. Araşdırmalarla onun şəhər sakini, əvvəllər məhkum olunmuş 54 yaşlı R.Tahirov olduğu müəyyən edilib. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Ona Cinayət Məcəlləsinin 180.2.2 (təkrar soyğunçuluq) maddəsi ilə ittiham verilib.
