Qaradağ Rayon Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nazim Quliyevin cinaytət işi üzrə məhkəmə iclası başlayıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası sentyabrın 4-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il mayın 13-də Qaradağ rayonunun Ələt qəsəbəsi yaxınlığında baş verib. Səhiyyə Nazirliyi Qaradağ Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə məxsus olan "Mercedes" markalı təcili yardım avtomobili qəzaya düşüb.
Avtomobildə olan şəxslərin hamısı həmin mərkəzin işçiləri olub. Qəza zamanı hadisəni törədən mərkəzin sürücüsü N.Quliyev ciddi xəsarət almayıb. Lakin mərkəzin əməkdaşları 1963-cü il təvəllüdlü Səhər Haqvediyeva, 1962-ci il təvəllüdlü Xanım Zərbəliyeva və 1995-ci il təvəllüdlü Sibel Məmmədli müxtəlif xəsarətlərlə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.
İlkin məlumata görə, yaralılar arasında S.Məmmədlinin vəziyyətinin çox ağır olduğu, onun hər iki ayağı bud nahiyədən qırıldığı bildirilib.
Hadisədən sonra sürücü N.Quliyev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
