"Caspian Energy Club" beynəlxalq neft-qaz sənayesinin nəhəng və nüfuzlu hadisələrdən biri olan Dünya Neft Konqresində (World Petroleum Congress) növbəti dəfə iştirak edib.
E-huquq.az xəbər verir ki, 23-cü Dünya Neft Konqresi bu dəfə 2021-ci il dekabrın 5-dən 9-dək haqlı olaraq “dünyanın enerji paytaxtı” hesab olunan Hyustonda (ABŞ) keçirilib. Bu barədə "Caspian Energy Club" qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
23-cü Dünya Neft Konqresinin işində dünyanın 70 ölkəsindən neft-qaz sahələrinin flaqmanlarının, sahə nazirləri və ekspertlərinin də daxil olduqları minlərlə nümayəndə iştirak edib. "Caspian Energy Club"un neft-qaz departamentinin nümayəndələri "Caspian Energy" jurnalının bir neçə buraxılışının təqdimatını keçirib və Dünya Neft Konqresinin plenar sessiyalarının işində fəal iştirak ediblər.
"Caspian Energy" 23-cü Dünya Neft Konqresinin media partnyoru olub.
"Caspian Energy" jurnalı dünyanın 50 ölkəsində yayılır. 22 il ərzində jurnalda dünyanın müxtəlif ölkələrinin prezident və baş-nazirlərinin müsahibələri, həmçinin nüfuzlu beynəlxalq təşkilatların, iri transmilli şirkətlərin rəhbərlərinin müsahibələri, dünyanın aparıcı ekspertlərinin icmal və analitik materialları dərc olunur.
Müxtəlif qiymətləndirmələrə görə, "Caspian Energy" jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rol oynayır.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian Energy Club" 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan "Caspian Energy Club"un əsas məqsədi Azərbaycanda və "Caspian Energy Club"un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan "Caspian Energy Club" mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. "Caspian Energy Club"un mənzil-qərargahı Bakıda yerləşir. "Caspian Energy Club"un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
