Lənkəran rayonunun Kənarmeşə kənd tam orta məktəbi istifadəyə yararsız vəziyyətdədir. Belə ki, məktəbin dəhlizlərində pəncərə yoxdur, döşəmələr sökülmüş vəziyyətdədir, ayaq yolu isə demək olar ki yoxdur.
Bu barədə e-huquq.az-a şikayət edən valideynlər bildiriblər ki, havaların soyuması məktəbdə vəziyyəti daha da çətinləşdirir. Belə ki, məktəbdə istilik sisteminin olmaması övladlarının sağlamlığı üçün problem yaradır. Şagirdlər özləri odun alıb, sobanı yandırmaqla sinif otaqlarını qızdırırlar. Təhsil ocağının ayaq yolu isə demək olar ki, yoxdur. Məktəbin içərisində olan ayaq yolu illər əvvəl istifadəyə yararsız olduğundan həyətində daşdan ayaq yolu inşa edilib, lakin qapısı yoxdur. Bir neçə il öncə məktəbin damı təmir olunsa da, içi köhnə hamam, köhnə tasdır.
Məsələ ilə əlaqədar Lənkəran şəhər Təhsil Şöbəsi ilə əlaqə saxladıq.
Şöbədən bildirildi ki, onlar məktəbin bu vəziyyətdə olmasından xəbərdardırlar: "Məktəbin ciddi təmirə ehtiyyacı var. Kənarmeşə kənd orta məktəbi Lənkəranda əsaslı təmirə ehtiyyacı olan ikinci məktəbidir. Məktəbin təmiri artıq dövlət planına salınıb. Növbəti beş il ərzində əsaslı təmiri nəzərdə tutulur" , – deyə qeyd edilib.
Qeyd edək ki, Kənarmeşə kənd tam orta məktəbi 1962-ci ildə tikilib və heç vaxt əsaslı təmir olunmayıb.
