Məzmuna keç

Fədayə Laçının məhkəməsi niyə baş tutmur? – Vəkil açıqladı

Fədayə Laçının məhkəməsinin dəfələrlə təxirə düşməsinin səbəbi məlum oldu 

Bakı Apelyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi yenə də təxirə salınıb.

E-huquq.az-ın məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilməli olan proses artıq 7-ci dəfədir ki, qeyri-müəyyən səbəblərdən təxirə salınır.

F. Laçının vəkili Nurəngiz Qarayevə bildirib ki, bu proseslərin əksəriyyətinin təxirə salınmasına səbəb təqsirləndirilən şəxslərin məhkəməyə gətirilməməsi olub: “Mən də öz növbəmdə bu məsələ ilə maraqlandım. Penitensiar Xidmətin əməkdaşları bildirdi ki, sözügedən məhkəmə “Gəncə işi” ilə eyni vaxta təsadüf edir. Təqsirləndirilən şəxslərin sayının hər iki iş üzrə çox olması, onların xüsusi müfafizə altında gətirilməsini çətinləşdirdiyi üçün bu hal verir”.

Vəkil qeyd edib ki, F. Laçının səhhətinin pisləşdiyi üçün məhkəmə iclaslarının təxirə salındığı barədə yayılan informasiyalar həqiqəti əks etdirmir: “Fədayə Laçının səhhəti daha da yaxşıdır”.

Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri – Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.