Məzmuna keç

“Facebook”da vətəndaşları aldadan iş adamının məhkəməsində zərərçəkmiş dindirildi

"Facebook”da vətəndaşları aldadan iş adamının məhkəməsində zərərçəkmiş dindirildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Aydın İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

E-huquq.az məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Vüqar Əhmədov ifadə verib.

O deyib ki, A.İsmayılovun fəaliyyəti haqında sosial şəbəkədən anası xəbər tutub: "Bütün prosedurları anam həll etmişdi, mən sadəcə ofisə gedib Aydın İsmayılovla görşdüm. Sonra da banka ödəniş etmişəm".

Daha sonra bank işçisi Nigar Nəsibova da dindirilib. O, bu hadisədən xəbərsiz olduğunu və həmin vaxt məzuniyyətdə olduğunu vurğulayıb.

Məhkəmənin növbəti iclas avqustun 29-na təyin edilib.

Qeyd edək ki, A.İsmayılov öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə 2018-ci ilin iyul-avqust aylarında “Facebook” sosial şəbəkəsində elan verməklə ev və torpaq sahəsi almaq istəyən şəxslərə rəhbəri olduğu MMC tərəfindən güzəştli kredit veriləcəyini bildirib.

Həmin elanla əlaqədar ona müraciət ayrı-ayrı şəxsləri cəmiyyətin ofisinə dəvət edərək, onlara şəxsiyyət vəsiqəsi ilə az miqdarda ödəniş qarşılığında sərfəli faizlə ipoteka krediti verəcəyini yalandan deyib. Bu yolla həmin şəxsləri aldadaraq, bankda yerləşən şəxsi hesabına ümumilikdə 97 min manat məbləğində pulun köçürülməsinə nail olub. Lakin verdiyi vədə əməl etməyib.

Daha sonra zərərçəkmişlərin şikayəti əsasında A.İsmayılov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma maddəsi ilə ittiham irəli sürülüb.

İmamət Əsgərov