Məzmuna keç

Ali Məhkəmə həbsdə olan şirkət direktoru ilə bağlı qərar çıxardı

Ali Məhkəmə həbsdə olan şirkət direktoru ilə bağlı qərar çıxardı

Ali Məhkəmədə dələduzluqda və mənimsəmədə təqsirləndirilən şirkət direktoru Əkbər Cəfərovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

E-huquq.az-ın məlumatına görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ə.Cəfərovun kassasiya şikayəti təmin edilməyəyib.

İttiham aktına əsasən, "AENT-E" MMC-nin direktorunun qanunsuz əməlləri barədə Xətai Rayon Məhkəməsinin xüsusi qərardadı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı cəmiyyətin direktoru Ə.Cəfərovun qulluq mövqeyindən sui-istifadə edərək Xətai rayonu, Gəncə prospektində cəmiyyət tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında əvvəllər satılmış mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla 166 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsində şübhələr müəyyən olunub.

Ə.Cəfərov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham edilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Cəfərov 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.