Məzmuna keç

“Bu cavabından sonra Ramiz Mehdiyevi YAP sıralarından uzaqlaşdırmaq olar”

"Siyasi konfiqurasiyada hər kəsin bir-birinə qarşı fərqli münasibəti ola bilər və dəyişə bilər. Bu normaldır. Ancaq şəxsi məqsəd üçün Milli Məclisin deputatını saxta və troll adlandırmaq hüquqi, siyasi və istənilən perspektivdən səhvdir, yanlışdır. Bu, ölkəmizin konstitusion bütövlüyünə qarşıdır".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin onu tənqid edənlərə verdiyi cavaba münasibət bildirərkən deyib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı vahid milli mövqe göstərən siyasi partiyaları "avtobus müxalifəti" adlandırmaq cənab Prezident İlham Əliyevin dəmir yumruq konsepsiyasına ziddir: "Çünki dəmir yumruq həm də bizim birliyimizin simvoludur. Əgər bu siyasi partiyalar bir məqsəd üçün birləşibsə, vahid mövqe göstəribsə, Şuşaya da səfər edibsə, bunun nəyi pisdir? Mən bütün reaksiyaları diqqətlə izlədim. Bəzi siyasi partiya nümayəndələri haqlı olaraq deyirlər ki, əvvəl Əli Kərimli, Tofiq Yaqublu, Sevinc Osmanqızı bu termindən istifadə edirdi, indi də Ramiz Mehdiyev! Bəziləri qeyd edir ki, elə ola bilsin, bu terminin müəllifi Ramiz Mehdiyevdir. Digər tərəfdən Ramiz Mehdiyevin radikal müxalifətin tezislərinə istinad etməsində məqsəd nədir?".

Onun sözlərinə görə, R.Mehdiyev cavabında cənab Prezidentə sadiq olduğunu qeyd etsə də, cavabının konteksti və mesajı bunun əksini göstərir: "Bəziləri deyir ki, vaxtilə Ramiz Mehdiyevin yanında olanlar indi onun əleyhinə danışır. Ramiz Mehdiyevin ayrı siyasi partiyası olmayıb ki, vaxtilə ona edilən diqqət də məhz cənab Prezidentin Aparatının rəhbəri olduğu üçün olub. İndi isə səhv ardına səhv edir. Bu səhvi isə adi insan etmir. Uzun müddət Prezident Administrasiyasının rəhbəri işləmiş şəxs edir. Özünün də qeyd etdiyi kimi, insan təbiəti naqisdir!"

K.Cəfərov R.Mehdiyevin YAP sıralarından uzaqlaşdırılmalı olduğunu bildirib: "Keçmiş xidmət və fəaliyyət heç kimi məsuliyyətdən azad etmir".