"Antiterror əməliyyatları ilə separatçılar tam məhv edilməyənədək bu təxribatlar davam edəcək".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun mövqelərininin atəşə tutulmasına münasibət bildirərkən deyib.
"Dünən axşamdan bu gün səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsi tərəfindən Ordumuzun Füzuli, Xocavənd, Ağdam və Xocalı rayonları istiqamətlərində mövqeləri, Qərbi Zəngəzurun Basarkeçər rayonundan isə Kəlbəcərin üç kəndi atəşə tutulub. Məlumdur ki, bu həftə ərzində ermənilər tərəfindən yaradılan ilk gərginlik deyil. Düzdür, hər dəfə Beynəlxalq humanitar hüquq rəhbər tutulmaqla erməni ordusunun, habelə, separatçıların qanunsuz dəstələrinin adekvat və sərt şəkildə cavabları verilir. Lakin, görünən odur ki, məsələ köklü həlli edilməyincə, yəni antiterror əməliyyatları ilə separatçılar tam məhv edilməyənə, Ermənistan isə Dəmir yumruğun təhdidi altında Azərbaycana qarşı ərazi iddialarından tam əl çəkdiyini rəsmən bəyan edib hərbi cinayətlərə görə dövlət səviyyəsində üzr istəməyənə qədər sabitlik üçün bu kimi təxribatlar davam edəcək", – deyə deputat bildirib.
B.Məhərrəmovun sözlərinə görə, bu kimi təxribatlarla ermənilər özlərinə ciddi problem yaradır: "Ermənilər hələki könüllü surətdə doğru yola gəlmək, murdar ideologiya və zərərli iddialarından çəkinmək istəmir. Bu da hər kəsdən çox elə onların özləri üçün ciddi problemlər yaratmaqdadır. Deməli, getdikcə zərurətə çevrilən Dəmir yumruq ədaləti bərqərar etməklə yanaşı, eyni zamanda erməni xalqı və Qarabağda yaşayan "yolunu azmış" erməni əsilli vətəndaşlarımız üçün də yeganə xilas yoludur".
Xəyalə Bünyatova
