"Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılması və Çağrı Mərkəzinin istifadəyə verilməsi vətəndaşların müraciətlərinə daha operativ baxılmasına şərait yaradacaq".
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O bildirib ki, vətəndaşların müraciətlərinə vaxtında baxılması və onların problemlərinin operativ həlli dövlət başçısının diqqət mərkəzindədir.
"Prezident İlham Əliyev hər zaman Azərbaycan vətəndaşlarının müraciətlərinə həssaslıqla yanaşılmasına xüsusi önəm verib. “Hər bir dövlət məmuru xalqın xidmətçisidir! Xalqın ən böyük xidmətçisi isə mən özüməm” deyən cənab Prezident məmurların vətəndaşlarla sıx əlaqədə olmasının, onlara yüksək səviyyədə xidmət göstərməsinin vacibliyini hər zaman qeyd qeyd edib. Prezidentin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılması və Çağrı Mərkəzinin istifadəyə verilməsi də bunu bir daha sübut edir. Mərkəzin yaradılmasında məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə daha yüksək pilləyə qaldırılması, vətəndaşların qəbulunda şəffaflığın artırılmasıdır. Vətəndaşlar Çağrı Mərkəzinə zəng edərək onları narahat edən məsələlər barədə məlumat verə biləcəklər. Bu müraciətlər operatorlar tərəfindən dərhal qəbul olunaraq vətəndaşlara müvafiq izahat veriləcək. Bu da onların problemlərinin daha çevik həlllinə gətirib çıxaracaq. Ona görə də bu Mərkəzin yaradılması vətəndaş məmnunluğunun artırılması istiqamətində atılmış mühüm addımdır", – deyə C.Osmanov qeyd edib.
Xəyalə Bünyatova
