Məzmuna keç

“Brüsseldə razılaşdırılan məsələlər Azərbaycanın Ermənistana təqdim etdiyi 5 baza prinsipinə əsasən hazırlanıb”

"Aprelin 6-da Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutan növbəti üçtərəfli görüş Cənubi Qafqazda sülh və əməkdaşlıq, ölkələrarası etimad mühiti yaratmaq baxımından çox əhəmiyyətli oldu".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O, üçtərəfli görüşdə dövlət başçılarının Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması üçün danışıqlar aparılması barədə xarici işlər nazirlərinə təlimat verildiyini vurğulayıb: "Görüşdə 26 noyabr 2021-ci il Soçi Bəyanatına uyğun olaraq Birgə Sərhəd Komissiyasının aprelin sonuna qədər çağırılmasını qərara alınıb. Bu komissiyanın mandatına əsasən həll olunmalı məsələlər müəyyənləşdirilib. Bu, Ermənistanla Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası və sərhəd boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsindən ibarət olacaq".

A.Badamov bildirib ki, Brüssel görüşündə razılaşdırılan məsələlər Azərbaycanın Ermənistana təqdim etdiyi 5 baza prinsipinə əsasən hazırlanıb. Vurğulayıb ki, Azərbaycanın təqdim etdiyi 5 baza prinsipi sivil dövlətlərarası qonşuluq münasibətlərinin formalaşmasına və əməkdaşlıq mühitinin genişlənməsinə xidmət edir və BMT Nizamnaməsinə uyğundur.

"Şarl Mişel kommunikasiyaların açılmasını dəstəklədiyini ifadə edərək ölkələrarası etimad mühitinin formalaşmasında və yenidəqurma və bərpa işlərində, o cümlədən minalardan təmizlənmə işlərində Avropa İttifaqının dəstək verməyə hazır olduğunu bildirib. O cümlədən üçtərəfli görüşdə iki ölkə arasında kommunikasiyaların yenidən bərpası üçün iqtisadi məşvərət şurası mexanizminin yaradılması təsdiq olundu. Hesab edirəm ki, üçtərəfli görüşdə prezident Mişelin regionda davamlı sülhün və əməkdaşlığın yaranmasına töhfə verməyə hazır olduğunu ifadə etməsi Avropa İttifaqının yaratdığımız yeni reallığı qəbul etdiyinin və məsələlərin həllinə ədalətli yanaşmasının göstəricisidir. Onu da qeyd etmək istəyirəm ki, üçtərəfli görüşlərdə heç vaxt Dağlıq Qarabağın adı çəkilmir və ATƏT-in Minsk Qrupundan danışılmır, gündəmə gətirilmir. Avropa İttifaqı və bütün dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və üçtərəfli görüş təşəbbüslərini irəli sürən tərəflər bundan sonra ancaq regionda sülh və sabitliyin təmin olunmasına töhfə vermək istəyirlər", – deyə deputat qeyd edib.

A.Badamov sonda Prezidentin Brüsselə səfərinin yeni reallığa uyğun gündəlikdə duran bir çox məsələlərin həllinə yeni impuls verilməsi baxımından çox məhsuldar və əhəmiyyətli olduğunu deyib: "Məsələlər üçtərəfli görüşlərdə yüksək səviyyədə razılaşdırılır. Amma nəticəsi isə Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərə konstruktiv yanaşmasından asıllı olacaq. Əgər Avropa İttifaqı üçtərəfli görüşlərdə razılaşdırılan məsələlərin həll olunması üçün Ermənistana təzyiq göstərərsə, yaxın zamanlarda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesi sürətlənə bilər".

Qeyd edək ki, aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Belçika vaxtı ilə saat 19:00 (Bakı vaxtı ilə saat 21:00) başlayıb və 4 saatdan artıq davam edib.

Xəyalə Bünyatova