"Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi bütün dünyaya verilən çox mühüm bir mesajdır".
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

"Bu qurultayın Şuşada keçirilməsi onu sübut edir ki, Azərbaycan xalqı qurucu xalqdır. Azərbaycan xalqı bütün dünyaya sülh mesajı verir. Bu mesaj onu göstərir ki, bizim xalqımız bundan sonra hər zaman qələbələrin, işğaldan azad olunmuş torpaqlarda gedən quruculuq işlərinin şahidi olacaq. Cənab Prezident Qurultayda çıxışı zamanı da qeyd etdi ki, Şuşa dağılmış vəziyyətdə idi. Şuşa ermənilərə məxsus bir şəhər olmadığına görə ona belə biganə, ögey münasibət var idi. Amma indi Azərbaycan xalqının doğma nəfəsi ilə Şuşa dirçələcək, bərpa olunacaq və bütün dünyaya azad, gözəl, firavan Qarabağın bir nümunəsi kimi göstəriləcək. Bu Qurultayda dünyaya verilən mesajlardan biri də o oldu ki, artıq Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. “Dağlıq Qarabağ” münaqişəsi yoxdur. Münaqişə bitib, Minsk qrupu iflasa uğrayıb. Bu, həqiqətən də böyük mesajdır. Bu onu göstərir ki, Minsk qrupunun fəaliyyəti əslində Azərbaycan xalqını bu işğalla barışmağa alışdırmaqdan ibarət idi. Lakin Azərbaycan xalqı özünün mətin iradəsi ilə bir daha sübut etdi ki, işğalla heç zaman işğalla barışmayıb. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Bundan sonra heç bir qüvvə Qarabağı Azərbaycandan ayıra bilməz. Dünya Azərbaycanlılarının V Qurultayı vasitəsilə Azərbaycan öz səsini bir daha bütün dünyaya çatdırdı", – deyə deputat qeyd edib.
Deputat Aydın Hüseynov da e-huquq.az-a açıqlamasında Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsini çox böyük ictimai və siyasi əhəmiyyətə malik hadisə kimi qiymətləndirib.

O bildirib ki, 30 il ərzində bütün dünya azərbaycanlıların arzusu torpaqlarımızın işğaldan azad olunması olub: "Şuşa bizim qeyrət qalamızdır. Şuşa bizim mənəviyyat, mədəniyyət mərkəzimiz, qürur yerimizdir. 44 günlük Vətən müharibəsində Şuşanın işğaldan azad olunması bütövlükdə qələbəmizi təmin etmiş oldu və bizim tariximizə düşdü. Xatırlayırsınızsa, Ermənistanın Baş naziri Nikol Paşinyan Cıdır düzündə rəqs edib deyirdi ki, parlamenti Şuşaya köçürəcəyik. Bu bizim üçün nə qədər ağrılı və mənəvi baxımdan çətin idi. Ancaq bu gün Şuşa azaddır və Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirilir. Bu Qurultay bütün dünya ictimaiyyəti və media tərəfindən diqqətlə izlənilir. Bilirsiniz ki, cənab Prezidentin Sərəncamı ilə Azərbaycan Respublikasında 2022-ci il “Şuşa İli” elan edilib. Bununla əlaqədar olaraq, Şuşada bir sıra tədbirlər keçirilir. Bütün bunlar Şuşanın dünyaya tanıdılması, eyni zamanda turizm mərkəzinə çevrilməsi üçün təbliği baxımından olduqca əhəmiyyətlidir".
Rəşid Qarayev
Gülnar Abdullayeva
