Məzmuna keç

Qohumunu öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Cari il yanvarın 8-də Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini 1986-cı il təvəllüdlü Cavid Mahmudovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

Xaçmaz Rayon Prokurorluğundan e-huquq.az-a bildirilib ki, aparılmış istintaqla zərərçəkmişin uzaq qohumu 1982-ci il təvəllüdlü Nail Mahmudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yivsiz ov tüfəngindən atəş açaraq Cavid Mahmudovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Nail Mahmudov Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.