Məzmuna keç

“AZGRANATA” Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında iştirak edir

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı başlayıb.

E-huquq.az xəbər verir ki, Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən və Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Çin, Yaponiya və digər ölkələrdən ümumilikdə 400-dən çox nümayəndənin iştirak etdiyi festivalda yerli və dünya mətbəxindən təqdimatlar keçiriləcək.

Kulinariya festivalına Azərbaycanın müxtəlif iqtisadi rayonları – Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Naxçıvan, Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala və digərləri qatılacaq. Festival günlərində 11 milli, 11 xarici və Milli Kulinariya Mərkəzinin pavilyonları qurulacaq və qonaqlar Azərbaycanın bölgələrinin, eləcə də dünya mətbəxinin nümunələrinin dadına baxa biləcəklər. Festivalda dequstasiya üçün şərablar, pendirlər və digər məhsulların təklif olunduğu zonalar da fəaliyyət göstərəcək.

Cənubi Qafqazın ən böyük meyvə şirələri və şərab istehsalçılarından biri olan “AZGRANATA” MMC də festivalda yüksək keyfiyyətli məhsullarını sərgiləyərək dequstasiya üçün təklif edir.

""AZGRANATA" məhsullarına festivalın ilk günündən böyük maraq yaranıb. İllər boyu yaşanan həsrətdən sonra mədəniyyət paytaxtımız olan Şuşada təşkil edilən bu möhtəşəm festivalda iştirakımızın xoşbəxtliyini yaşamaqdayıq", – deyə şirkətdən bildirilib.