Alimlər yumurtalıq xərçəngi inkişaf etməzdən əvvəl yaranan mikroskopik hüceyrə dəyişikliklərini qanda müəyyən etməyə imkan verən molekulyar siqnal aşkar ediblər. Yeni kəşfin xəstəliyin erkən diaqnostikasında mühüm irəliləyişə səbəb ola biləcəyi bildirilir.
E-huquq.az xəbər verir ki, “Nature Medicine” jurnalında dərc olunan araşdırmaya görə, yumurtalıq xərçəngi əksər hallarda uşaqlıq borularının daxili səthində başlayan mikroskopik dəyişikliklər nəticəsində inkişaf edir.
Xərçəngönü zədələnmələr kimi tanınan bu dəyişikliklər seroz tubal intraepitelial karsinoma (STIC) adlandırılır.
Tədqiqat zamanı müəyyən edilib ki, bu cür xərçəngönü dəyişiklikləri olan qadınların qanında Tu-Stroma adlı RNT molekulunun səviyyəsi yüksəlir.
Tədqiqatçılar Tu-Stroma molekulunun səviyyəsini ölçməklə xərçəngönü zədələnmələri olan qadınların 92,3 faizini müəyyən edə biliblər.
Test sağlam qadınların 98,2 faizini də düzgün şəkildə müəyyən edib.
Yumurtalıq xərçəngi baxımından genetik risk faktorları daşıyan qadınlarda isə müsbət nəticələrin təxminən 72 faizinin doğru olduğu, mənfi nəticələrin düzgünlük göstəricisinin isə təxminən 100 faizə çatdığı bildirilib.
Araşdırmanın nəticələrinin xüsusilə genetik meyillilik səbəbindən yumurtalıq xərçəngi riski yüksək olan qadınlar üçün əhəmiyyətli ola biləcəyi qeyd edilir.
Belə qadınlar xərçəng riskini azaltmaq məqsədilə uşaqlıq borularının və yumurtalıqların çıxarılmasını nəzərdə tutan profilaktik əməliyyatlarla bağlı çətin qərarlar verməli olurlar.
Tədqiqatın həmmüəlliflərindən doktor Eşa Madanın sözlərinə görə, hazırda profilaktik əməliyyatlarla bağlı qərarlar əsasən irsi risk faktorları əsasında qəbul edilir. Lakin qadınlarda xərçəngönü zədələnmələrin həqiqətən mövcud olub-olmadığı çox vaxt məlum olmur.
Madan yeni kəşfin gələcəkdə bu istiqamətdə mövcud olan bioloji məlumat boşluğunu aradan qaldıra biləcəyini bildirib.
Şəbnəm Mehdizadə
