"Ombudsman Aparatında uşaq hüquqlarının müdafiəsi sektorı yaradılıb. Sektorun fəaliyyəti bu sahədə mövcud problemlərin sistemləşdirilməsinə, müraciətlərin operativ qaydada həllinə, maarifləndirmə işinin təşkilinə yönəlib. Bu istiqamətdə aidiyyatı dövlət qurumları və vətəndaş cəmiyyəti institutları, habelə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri qurulub".
E-huquq.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ədliyyə Nazirliyi, UNİCEF və Mediasiya Şurasının birgə tərəfdaşlığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilən "Mediasiya prosesləri zamanı ailə mübahisələrinin həllində uşaq hüquqlarının müdafiəsi məsələlərinin aktuallığı" mövzusunda keçirilən tədbirdə deyib.
S.Əliyeva qeyd edib ki, Ombudsman təsisatı Mediasına Şurası ilə əməkdaşlığa xüsusi önəm verir: "Xüsusən, kiçik və orta sahibkarlıq subyektləri arasında mübahisələrin alternativ həllində mühüm vasitə olan mediasiya işgüzar münasibətlərdə yarana biləcək hadisələrin aradan qaldırılmasına, vaxt itkisinin və maliyyə məsrəflərinin minimuma endirilməsinə zəmin yarada bilər. Digər tərəfdən, mediasiya vətəndaşlara da məhkəmələrə getmədən mediasiya prosesində iştirak etməklə mübahisələrin həll edilməsi, bununla da hüquq və azadlıqlarının effektiv müdafiəsi üçün imkanlar yaradır. Mediasiyanın tətbiqi sahələrindən birini təşkil edən ailə mübahisələrində mediasiya qeyri-rəsmi prosedurlarla münaqişənin sülh yolu ilə həllinə nail olmaq, eləcə də məhkəmə çəkişmələrini və bununla bağlı olaraq, uşaq hüquqlarının müdafiəsi üçün əlavə tədbirlərin tətbiqini istisna etmək üçün əlverişli imkandır. Ailə mübahisələrində mediasiyanın keçirilməsi zərurəti uşaq hər iki valideynlə birlikdə yaşadıqda, valideynlər ayrı yaşadıqda, habelə uşaq valideyn himayəsindən məhrum olduqda yarana bilər. Bütün hallarda mediasiya ilk növbədə, uşağın maraqlarına cavab verməli, uşaqların ailə tərbiyəsinin üstünlüyünü, onların rifahına və inkişafına qayğı, hüquq və mənafelərinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilməlidir".
Ombudsman ailə mübahisələri ilə bağlı statistik məlumatları da diqqətə çatdırıb: "Rəsmi statistikaya əsasən, 2019-cu ildə 63 869 nikah və 17 148 boşanma halı, 2020-ci ildə isə 35 348 nikah və 14 628 boşanma halı qeydə alınıb. Rəqəmlərdən göründüyü kimi, 2019-cu ilə nisbətən 2020-ci ildə nikahların sayı təxminən iki dəfə azalsa da, boşanma halların sayı demək olar ki, dəyişməyib. Boşanmalar bir sıra hallarda, o qədər adi hala çevrilir ki, artıq ailədaxili problemlərin həllində ümumi qəbul edilmiş vasitə hesab olunur. Lakin boşanmalar bir çox hallarda problemsiz ötüşmür. Həmin ərəfədə tərəflər o qədər neqativ emosiyalara qapanır ki, artıq hüquqa zidd hərəkətlərə etməyə başlayır. Bir çox hallarda uşaqların hüquq və mənafelərini nəzərə almırlar. Bu kimi hallar xüsusən, uşaqların kimin himayəsində qalması, harada yaşaması, ünsiyyət hüququnun təmin edilməsi və aliment ödənişlərinin təmin edilməsi zamanı özünü büruzə verir.
Digər tərəfdən, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, qeyri-rəsmi nikahların da sayı az deyil. Belə münasibətlər isə ailə mübahisələrinin yaranmasına, bu cür ailələrdə doğulmuş uşaqların hüquqların pozulmasına gətirib çıxara bilər. Statistikaya diqqət yetirsək, 2020-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfdən doğulmuş uşaqların sayı doğulan uşaqların ümumi sayının 14 faizini təşkil edir. Qeyd olunan göstərici, öz növbəsində risk altında uşaqların sayından xəbər verir ki, bu da narahatlıq doğurmaya bilməz".
S.Əliyeva deyib ki, ailə mübahisələrində tərəflərin qarşılaşdıqları və həll edilməli olan əsas məsələlərdən biri də aliment ödənişlərini ilə bağlıdır: "Bəzən alimenti ödəməli olan tərəf bu ödənişin təyinatını başa düşmək istəmir və qarşı tərəfə olan neqativ münasibəti, şəxsi prinsipləri səbəbindən ödənişlərin aparılmasından yayınır. Təəssüf doğuran hallardan biri də aliment ödənişlərindən imtinaya məcbur etmək məqsədilə borclu tərəfindən ünsiyyət hüququndan və digər vasitələrdən sui-istifadə edilməsidir. Bu isə borclunun bir valideyn kimi üzərinə düşən vəzifələri dərk etməməsindən xəbər verir. Digər tərəfdən aliment ödənişləri ilə əlaqədar çətinliklər, zəruri icra tədbirlərinin həyata keçirilməməsi və ya vaxtında həyata keçirilməməsi ilə də bağlı olur".
Xəyalə Bünyatova
