Məzmuna keç

“Həbsin seçilməsi zamanı məhkəmələrin yoxlama fəaliyyətinin təkmilləşdirilməsinə ciddi ehtiyac var”

Uzun müddətdir ki, həbsin seçilməsi sahəsində qanunvericiliyə tədricən mütərəqqi dəyişikliklər edilir. Artıq böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərin törədilməsi zamanı bir qayda olaraq həbs seçilmir. Amma həbsin seçilməsi zamanı məhkəmələrin yoxlama fəaliyyətinin təkmilləşdirilməsinə ciddi ehtiyac vardır.

Əlbəttə ki, bu işdə ən önəmli faydalı təsir vəkillərin müdafiəni düzgün həyata keçirməsidir. Xüsusən, son illərdə vəkillik təsisatında aparılmış islahatlar, vəkil korpusunun gənc və savadlı namizədlər hesabına formalaşdırılması, vəkillərin peşəkar biliklərinin artırılması yönündə atılan addımlar yüksək hüquqi yardım göstərən vəkillərin sayını artırıb. Artıq cinayət prosesi sahəsində fəaliyyət göstərən yüzlərlə vəkil məhkəmələr tərəfindən həbslərin düzgün seçilməsinə qanuni təsir göstərməyə başlayıb.

Ümumiyyətlə, istintaq və məhkəmədə müdafiəçi ilə ittiham tərəfinin (müstəntiq və prokuror) çəkişməsi nəticəsində hakimlər qanunların mahiyyətini daha dərindən və cinayət prosessual nəzəriyyəyə uyğun şəkildə mənimsəyib öyrənmiş olurlar. Bu işdə vəkillərin rolu əvəzolunmazdır. Bildiyi həqiqətləri israrla hər istintaq hərəkətində və məhkəmədə müdafiə edən vəkil sonda düzgün qərarların, ən əsası isə yeni hüquqi yanaşmaların əsasını qoymuş olur. Qanunvericiliyə nə qədər əlavə və dəyişikliklər edilsə də, məhkəmələr cinayətin törədilməsində şübhəli şəxsləri daha çox həbs etməyə meyllidirlər. Halbuki, əksər hallarda həbs seçmədən də məqsədə nail olmaq mümkündür. Məqsəd təqsirləndirilən şəxsin istintaqdan yayınmasının və ya istintaqa maneə olmasını önləməkdirsə, məhkəmələr adətən belə halların olub-olmamasını yoxlamırlar. Məsələn, təqsirləndirilən şəxs qaçmağa cəhd edibmi? Yaxud hər hansı sübutu məhv etmək üçün bir tədbir görübmü? Bunlar adətən yoxlanılmır. Ola bilər ki, hakim cinayət işi ilə tanış olan zaman təqsirləndirilən şəxsin yayına biləcəyinə və ya istintaqa maneə ola biləcəyinə daxilən inanır və müəyyən əsaslı qənaətə gəlir. Lakin öz qərarında bunları əsaslandırmır.

Başqa mühüm problem isə məhkəmələrin həbsin əvəzinə digər prosessual məcburiyyət tədbirlərini məsələn, ev dustaqlığını, girovu, başqa yerə getməmək haqqında iltizam almaq qətimkan tədbirlərini seçməklə ilə təqsirləndirilən şəxsin yeni cinayət törətməsinin, istintaqa maneə olmasının və ya ondan yayınmasının qarşısını almağı ümumiyyətlə yoxlamamasıdır. Şəxsən təcrübədə məhkəmələrin qərarlarında adətən məqsədəuyğunluğu yoxlamadıqlarının şahidi oluram.

Biz vəkillər hakimləri həbsin seçilməsinin məqsədəuyğunluğunu və zəruriliyini yoxlamağa vadar etməliyik. Bunu həmişə etməliyik və bezməməliyik. Tədricən hakimlər bunu fərq edəcək və öz qərarlarında həbsin seçilməsini göstərilən meyarlara uyğun əsaslandıracaqlar. Mən seçilən həbslərin qanunsuz tətbiq olunduğunu iddia etmirəm. Zatən ağır cinayətlərin törədilməsi hallarında əksər vaxtlarda həbsin seçilməsi zəruri olur. Məsələ hakimlərin həbsi seçərkən onun məqsədəuyğunluğunu və zəruriliyini öz qərarlarında göstərməmələridir. Məsələ təqsirləndirilən şəxsin cinayət törətməsinə dair ilkin sübutların (qüvvətli şübhənin) məhkəmə qərarlarında bir qayda olaraq əsaslandırılmaması və həmin sübutların mötəbərliyininin yoxlanılmamasıdır.

Tam əminliklə deyə bilərəm ki, göstərilən meyarlara uyğun həbs seçilərsə, həbs olunan şəxslər və onların qohumları qəbul edilmiş qərarları anlayışla qarşılayarlar. Yaxud həbslər kifayət qədər azalar, onların əvəzinə ev dustaqlığı, girov, başqa yerə getməmək haqqında iltizam almaq tədbirləri seçilər. Nəticədə həbs yerlərinin büdcə məsrəfləri də xeyli azalmış olar.

Vamiq Şükürov

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü